İkinci dünya müharibəsindən sonra yer üzündə sülhün və təhlükəsizliyin qorunub saxlanması, insan hüquq və azadlıqlarının təmin edilməsi, bərabərliyin və ədalətin bərqərar olunması istiqamətində, eləcə də ölkələrarası əməkdaşlığın genişlənməsində beynəlxalq və regional təşkilatların böyük rol oynamağa başladı. Onlar bu və ya digər sahələr üçün ümumi standart və normaları işləyib hazırlamaqla inkişaf və tərəqqiyə öz töhfəsini verirlər. Lakin zaman keçdikdə dünyada sülh və əmin-amanlığın deyil, yeni problemlərin yarandığını müşahidə edirik. Hazırda bəşəriyyətin qarşısında bir çox mühüm məsələlər dayanır. Qlobal problemlər və onların yaratdığı təhlükələr, həmçinin, dövlətlərarası münasibətlərdə bir sıra çətinliklər və mübahisəli nüanslar mövcuddur.
Əlbəttə ki, müharibələr, hərbi münaqişələr bu münasibətləri daha da gərginləşdirir. Qeyd etmək lazımdır ki, bu ikili yanaşma təkcə dövlətlər və ölkələrarası deyil, həm də beynəlxalq təşkilatlar səviyyəsindədə özünü göstərir. Azərbaycan öz haqq mübarizəsində belə qərəzli mövqelərin çox şahidi olmuşdur. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının bəzi Qətnamələri çox qısa zamanda yerinə yetirilir, lakin Azərbaycanla bağlı qəbul olunmuş 4 Qətnamənin 30 ilə qədər kağız üzərində qaldı və nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında qalan torpaqlarımızı azad etdi, öz suveren hüquqlarını bərpa etdi.
Azərbaycan Prezidenti İlham Əliyev son zamanlar öz çıxışlarında bu mövzunun aktuallığına toxunaraq xüsusi olaraq qeyd edir ki: "BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”. Əlbəttə ki, qlobal, hər an dəyişən dünyamızda daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına ehtiyac var. Beynəlxalq təşkilatlar da bu yöndə aktiv şəkildə fəaliyyət göstərməlidirlər. Şübhəsiz ki, müharibə və münaqişələrdən zərər görmüş ölkələrə qarşı ədalətli mövqe tutmalıdırlar. Beynəlxalq təşkilatlar öz mövqe və istiqamətlərinə dəyişiklik etməlidirlər. Məlum zərurət və tələblərdən doğan islahatlar heç şübhəsiz ki, dünyanın hazırkı qarışıq vəziyyətinə sabitlik və inkişaf gətirə bilər.
Azərbaycan bu mənada yüksək nümunə göstərir. Belə ki, Qoşulmamma Hərəkatına Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsini xüsusi qeyd etmək lazımdır. Pandemiyanın yaratdığı ağır fəsadların qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan liderlik rolunu üzərinə götürərək problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. BMT-dən sonra ikinci böyük təşkilat olan bu qurum hazırda dünyada gedən proseslərə adekvat olaraq, aktiv fəaliyyət göstərir, beynəlxalq sülh və təhlükəsizliyin, beynəlxalq hüquq və normaların yerinə yetilməsinə öz töhfəsini verir. Digər bir nümunə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), indiki Türk Dövlətləri Təşkilatıdır. Əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilat gənc qurumlardan biridir. Dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət — Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Türk Şurası ötən illər böyük inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bildiyimiz kimi, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Qardaş, dost ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı dövlətlərarası, eləcə də regionun ümumi tərəqqisində, sabitliyin, sülh və əmin-amanlığın bərqərar olmasında əhəmiyyət kəsb edir.Ölkə başçısı çıxış zamanı bir daha qeyd etdi ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar. TDT çərçivəsində əməkdaşlığa əlavə praktiki məzmun verilir, onun fəaliyyəti daha da təkmilləşdirilir. Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın qəbul olunması, Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin də imzalanması buna əyani sübutdur. Qeyd etmək lazımdır ki, bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Məhz Azərbaycan Prezidenti 2014-cü ilin iyununda Bodrumda keçirilən IV Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Həmçinin türkdilli dövlətlərin əməkdaşlıq əlaqələri şaxələnir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Bu tikinti-quruculuq işlərində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını bildirərək qeyd etdi ki, “Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Bu bir daha ölkə başçısının dünya azərbaycanlılarının hər biri üçün keçirdiyi hisslərdir.
Bütün bu təşəbbüslər, həyata keçirilən konkret tədbirlər və əldə olunan müsbət nəticələr Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın mötəbər beynəlxalq təşkilatlara uğurlu sədrliyi nəticəsində qazanılmış zəngin təcrübənin, uzaqgörən və təşəbbüskar liderlik qabiliyyətinin göstəricisidir. Artıq Prezident İlham Əliyevin və onun sürətlə inkişaf etdirərək dünya arenasında layiqli mövqeyə çatdırdığı müstəqil Azərbaycanın beynəlxalq səviyyədə problemlərin həll edilməsində göstərdiyi nümunə, verdiyi mesajlar dünyanın nüfuzlu dövlət və təşkilatları tərəfindən dəstəklənir.