" Azərbaycanın  yaratdığı situasiya bölgənin gələcək rifahına xidmət edir"

Bu gün kimin  nəyi və necə istəyib-istəməməsindən asılı olmayaraq Cənubi Qafqazda proseslər Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan üzərində  əldə etdiyi möhtəşəm qələbəsindən sonra yaratdığı yeni situasiyaya uyğun olaraq  inkişaf etməkdədir.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib. Onun sözlərinə görə, artıq beynəlxalq aləm və bölgədə marağı olan qüvvələr, ölkələr öz siyasətini yeni yaranmış situasiyanın şərtlərinə uyğun qurmaqdadırlar və biz buna şahidlik etməkdəyik.

“Ermənistanda keçirilən seçkilər bunun bariz nümunəsidir. Azərbaycanın əldə etdiyi qələbədən sonra  bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi baxımından sıx inteqrasiya və əməkdaşlıq istiqamətində etdiyi təkliflər, atdığı addımlar, nəinki region ölkələri və bölgədə marağı olan güclər tərəfindən, eyni zamanda  digər ölkələr tərəfindən müsbət qarşılanıb, dəstəklənməkdədir. Artıq bölgədə marağı olan və maraqları toqquşan ölkələr də anlamaqdadır ki, bölgədə maraqlarının təmin olunması ancaq Cənubi Qafqaz ölkələri arasında sülhün bərqərar olaraq sıx əməkdaşlıq formatından keçir”.

O əlavə edib ki, Azərbaycan bölgədə əmin-amanlığın təmin olunması ilə əlaqədar Türkiyə ilə birgə fəaliyyət göstərib, eyni addımlar atmaqdadır: “ Azərbaycan və Türkiyənin bölgədəki fəaliyyəti ancaq və ancaq Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasına və regional sıx əməkdaşlığın formalaşmasına xidmət edir. Odur ki, daha çox  Ermənistan yaranmış durumu dəyərləndirib, bundan faydalanmağa çalışmalıdır. Yaranmış durum Ermənistana üzləşdiyi  təcriddən xilas olub, rahat nəfəs almasına, üzləşdiyi problemlərdən xilas olmasına geniş  imkanlar yaradacaq. Lakin Ermənistanda hələ də revanşist qüvvələr mövcuddur və onlar bölgədə sülhün, sabitliyin bərqərar olmasında maraqlı olmayan güclərin dolayı dəstəyi nəticəsində destruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Ancaq bu qüvvələr anlamırlar ki, artıq  gecdir. Necə deyərlər qatar gedib. Bu gün Ermənistanın  Azərbaycanla sülh sazişi imzalayıb, kommunikasiyaların açılmasından başqa çıxış yolu və alternativi yoxdur.  Ermənistanın buna qarşı çıxması  ermənilərin fəlakəti deməkdir. Ermənilər Azərbaycanın şərtlərini qəbul edib, sülh sazişini imzalayıb, Zəngəzur layihəsinin reallaşmasını tezləşdirsələr bir o qədər yaxşı olar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ordubada səfəri zamanı çıxışında bəyan etdiyi kimi onsuz da Zəngəzur dəhlizi  layihəsi reallaşacaq. Zəngəzur layihəsi  postmüharibə dövründə regional əməkdalığın yaranması baxımından alternativi olmayan, əvəzsiz rola malik bir  layihədir. Bu məsələ iyunun 30-da Antaliyada Rusiya və Türkiyə XİN başçıları arasında keçirilən görüşdə də “Zəngəzur dəhlizi” müzakirə  olunub və tərəflər məsələ  ilə bağlı öz müsbət mövqelərini ortaya qoyublar.  Moskva bölgədə  dayanıqlı sabitliyin yaranması baxımından cənab Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın  təkliflərini dəstəkləyərək, müsbət qarşıladığını bəyan edib. Moskva hesab edir ki, bu layihənin reallaşması və “3+3” formatındakı əməkdaşlıq region ölkələrinin iqtisadi əlaqələrinin güclənməsinə gətirib çıxaracaq. Bu bir daha sübut edir ki, Azərbaycanın bölgədə yaratdığı situasiya bölgənin gələcək rifahına xidmət edir”.