"Azərsu" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi vəzifəsinə yeni təyinat gerçəkləşmək üzrədir.
Mia.az xatırladır ki, ASC-nin sədr vəzifəsini hazırda rəsmən icra edən sədr müavini Köçərli Həsənov avqustun 5-də həmin idarənin rəisini vəzifədən azad edib.
Həmin vaxtı idarənin rəis vəzifəsinə "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyevin doğma əmisi oğlu, adıçəkilən idarənin rəis müavini İntiqam Tağıyevin təyin olunacağı barədə ciddi dairələrdə xəbərlər dolaşsa da, görünür, məlumatın mediada tirajlanması bu təyinata mane olub.
Bu barədə Mia.az-a verilən yeni məlumata görə, adıçəkilən idarənin rəis vəzifəsinə təyinatla bağlı 3 saylı Regional Sukanal İdarəsinin Neftçala Sukanal Sahəsinin rəisi Xaləddin Şahbazovun dünən ərizəsi alınb: "Xaləddin Şahbazov da arxasız məmurlardan deyil. O, "Azərsu" ASC-nin hazırda sədr müavini olan Etibar Məmmədovun ən yaxın kadrı və dostlarından biridir. Belə ki, vaxtı ilə "Azərsu" ASC-nin ən böyük müəssisələrindən biri olan "Birləşmiş Sukanal" MMC-nin direktoru olan Etibar Məmmədov həmin vaxtı onu əvvəl Şirvana, daha sonra isə oradan Sabirabad Sukanal idarəsinə rəis təyin edib. Məhz bu illərdə onlar arasında münasibətlər daha da dərinləşib. Lakin 2018-ci ilin noyabr ayında bölgədə baş verən səs-küylü boru oğurluğu Xaləddin Şahbazovun da adını gündəmə gətirib. Məhz bu səbəbdən, "Azərsu" ASC-nin o vaxtkı sədri Qorxmaz Hüseynov onu əmrlə vəzifəsindən çıxarıb. Maraqlı budur ki, 4 may 2021-ci ildə Qorxmaz Hüseynov vəzifədən azad olunandan 4-5 ay sonra sədr müavini Etibar Məmmədov sadiq dostunu yenidən "xatırlayıb" və yaranmış boşluqdan istifadə edərək, düz üç il "Azərsu" sistemindən kənarda qalan köhnə dostu Xaləddin Şahbazova yenidən yaşıl işıq yandırıb. Belə ki, Xaləddin Şahbazov keçmişdəki fəaliyyətinə baxmayaraq, 3 il sonra birdən-birə "Azərsu" ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin tabelyində olan Neftçala Sukanal Sahəsinə rəis təyin olunur. İndi ortaya haqlı və məntiqli sual çıxır: əgər Xaləddin Şahbazov doğrudan da vazkeçilməz kadr idisə, niyə 2018-də vəzifədən çıxarıldı? Niyə 2021-ci ilin noyabr ayınadək sistemə yaxın buraxılmadı? Niyə 3 il ərzində ona "Azərsu"da kiçik də olsa, bir vəzifə verilmədi?!
Bütün bunlar yetmirmiş kimi, baxın, təyinatının bir ili tanmamlanmamış o, sahə rəsliyindən daha böyük təşkilata - 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi vəzifəsinə gətirilir. Artıq dünən onun bu vəzifəyə təyinatla bağlı əraizəsini alıblar. Nöqsana görə vurulan adamın 3 il sonra eyni təşkilatda belə sürətlə yüksəlişi, razılaşaq ki, təsadüf deyil, ola bilməz. Bəli, burada Etibar Məmmədovun sehirli əli öz işini görür. Söz yox ki, Xaləddin Şahbazovla bağlı "Meliorasiya və Su Təsərrüafatı" ASC-nin sədr müavini, həmyerlisi Zakir Quliyevin də Köçərli Həsənova dostyana təqdimat verdiyi iddiası var. Onun sözünün də Köçərli Həsənovun əmri imzalamasına ciddi təsir edəcəyi şəksizdir...".
Məlumatda o da deyilir ki, Şirvanda yaşayan Xaləddin Şahbazovun oğlu, 1997-ci il təvəllüdlü Xalid 2017-ci ildə idarə etdiyi “Prado” markalı 90 XG 991 dövlət nömrə nişanlı avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb(https://modern.az/az/news/131691): "Onun oğlunu həbsdən necə qutarması barədə mətbuatda xeyli təkzib olunmayan yazılar gedib. Amma görünür, bəziləri belə məmurlara daha ciddi ehtiyac duyur...".
Məlumata görə, "Azərsu"da sədr təyinatının uzanması oradakı bəzi müavinlərin əksəriyyətini "fürsətçi" edib: "Hərəsi öz şəxsi mənafeyi üçün nə mümkündürsə, onu da edir. Hətta bəzən bir-birləri ilə gizli rəqabətdən də çəkinmirlər. Əksi olsaydı, "Azərsu" ASC yə məxsus metal boruların çıxarılıb qanunsuz satılması ilə əlaqədar açılan cinayət işində adı hallanan şəxslər nəinki böyük vəzifələrə, hətta kiçik vəzifələrə belə yaxın buraxılmazdı. Amma qeyd etdiyimiz kimi, bunun bəzi sədr müavinləri üçün zərrə qədər əhəmiyyəti yoxdur. Diqqət edin, biriləri qohum-əqrabalarını, digəri yaxın dostlarının yüksək vəzifələrə dartır. Amma biri də düşünmür ki, yaxşı, sən ağa, o ağa, bəs nökər, yəni peşəkar işçi kim olacaq? Bəs, "Azərsu" ASC-ni kim yuxarı dartacaq? Axı, borcu 7 milyardı aşan "Azərsu" ASC-nin, onun qurumlarının peşəkar idarə olunmasını, təsərrüfat fəaliyyətini, ümumən gələcəyini kim düşünəcək? Axı, cənab Prezident "Azərsu" ASC-nin sədr vəzifəsini müvəqqəti Köçərli Həsənova həvalə edəndə, belə tapşırıqlar verməyib. Bundan da nəticə çıxarmırlar?".