Meksikanın Qvadalaxara şəhərində keçirilmiş World Masters turnirində Azərbaycan cüdoçuları 4 medal qazanıb. "Report"un məlumatına görə, sonuncu yarış günündə Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.
100 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, braziliyalı Lusiano Korrea, əlcəzairli Layes Buyakub,isveçli Martin Paçeki məğlub edib və finala yüksəlib. Həlledici qarşılaşmada isə Qasımov fransalı Siril Mareni ipponla yenərək, qızıl medala sahib olub. Eyni çəkidəki Elxan Məmmədov ilk görüşdəcə kubalı Xose Armenterosa 54 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb.
90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev ilk qarşılaşmada rusiyalı Xusen Xalmurzayevə, təsəlliverici görüşdə Markus Nimana yenilib və 7-ci yerlə kifayətlənib.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri kubalı Aleks Qarsia Mendoza, braziliyalı Rafael Silva və rusiyalı Aslan Kambiyevi üstələsə də, yarımfinalda rumıniyalı Daniel Natyaya, bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Roy Meyerə ipponla yenilərək, 5-ci olub.
Daha öncə Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib çıxıb.
Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı "World Masters"i kişilərin sıralamasında 1-ci,ümumi sıralamada 2-ci pillədə başa vurub.