2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləş yığması tam heyətlə təmsil olunacaq.
Yığma üçün sonuncu lisenziyaya Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən I Dünya Təsnifat Turnirində Mircəlal Həsənzadə yiyələnib.
57 kq çəki dərəcəsində çıxış edən Həsənzadə finaladək irəliləməyi bacarıb. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçi əvvəlçə qvatemalalı Etan Tomapanı 55 saniyəyə, ardından moldovalı Aleksandru Çirtoakanı tam üstünlüklə (10:0) yenib. Yarımfinalda hindistanlı Sandip Tomarla görüş 8:8 hesablı heç-heçə ilə nəticələnsə də, xalların keyfiyyəti və son xalı qazandığına görə qələbə Həsənzadəyə verilib. Finalda onun rəqibi rumıniyalı İvan Quidya olacaq.
Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. Bu isə final görüşündəki nəticədən asılı olmayaraq, Həsənzadənin "Rio-2016"ya lisenziya qazandığı anlamına gəlir.
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları aktivindəki lisenziya sayını 13-ə çatdırıb. Sərbəst güləş üzrə bütün 6 çəkidə olimpiadaya vəsiqə qazanılıbsa, yunan-Roma güləşində 4, qadın güləşində isə 3 vəsiqə əldə olunub (sportnet.az).