Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu komandamızın aktivinə üçüncü medalı əlavə edib.
Bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayan idmançımız mübarizədə ikinci olaraq yenə gümüş medala sahib olub. Y. Çebanu 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub. O, bu göstərici ilə özünün şəxsi rekordunu da yeniləyib.
Xatırladaq ki, atletimiz bunadək Rio Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.
Bununla da Paralimpiya yığmamızın Rioda qazandığı ümumi medalların sayı səkkizə çatıb.