Bu günAzərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin doğum günüdür. Sabahinfo.az-ın məlumatına görə, Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma” İdarəsində işləyib. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.
1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.
1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.
1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub.
1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.
1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.
1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.
1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. "Qırmızı Əmək Bayrağı” ordeni və 2008-ci ildə "İstiqlal” ordeni ilə təltif edilib.
2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.