Aprelin 14-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Əli Həsənovisrailli jurnalistlərə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV ilə əlaqələr yaradılır.
Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai, mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb.
Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi olacaqlar.
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Görüşdə iştirak edən "Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim edib.