Ərdoğan Binəli Yıldırımı Moskvaya göndərir

Türkiyənin baş naziri Binali Yıldırım dekabrın ilk 10 günlüyündə Rusiyaya səfər edəcək.

Sabahinfo.az "Hurriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.

Qeyd edilib ki, bu, Yıldırımın baş nazir təyin olunandan sonra Rusiyaya edəcəyi ilk səfər olacaq.

Qəzet yazır ki, Rusiya baş naziri Dmitri Medvedyevlə baş tutacaq danışıqlar zamanı tərəflər hər iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün sonrakı addımları müzakirə edəcəklər. Tərəflərin Rusiya - Türkiyə arasında ticarət zamanı milli valyutaya keçidin, azad ticarət zonasının yaradılması, həminin turizmin inkişafına dair məsələləri müzakirə edəcəyi planlaşdırılır.

Bundan əlavə baş nazirlər İŞİD-ə qarşı birgə mübarizə məsələlərini də nəzərdən keçirəcəklər.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə Əməkdaşlıq Şurasının iclası baş tutacaq.