Nazirlər Kabineti"Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nda dəyişiklik edib.
Sabahinfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.
Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin,Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, digər aidiyyəti dövlət orqanlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər. Ümummilli məlumat bankında sorğu öyrənilir, onun qanunauyğun, aidiyyəti olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir. İndiyə qədər narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə ümummilli məlumat bankından hüquq-mühafizə orqanına verilə bilərdi. Ancaq dəyişikliyə əsasən bundan sonra hüquq-mühafizə orqanlarının sorğularına cavab vermək məcburi xarakter daşıyacaq. Başqa sözlə, narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə ümummilli məlumat bankından hüquq-mühafizə orqanına veriləcək.