Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır.
Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını və ordumuz qarşısında yeni tapşırıqlar qoyduğunu xüsusi vurğulayıb. Nazir bildirib ki, bu tapşırıqlar Azərbaycan Ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin artırılması, onların daha müasir, güclü silah və hərbi texnika ilə təchizatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad olunmasına yönəlmiş təlim və tədbirlərin gücləndirilmiş qaydada keçirilməsi və bu istiqamətdə bir sıra digər mühüm məsələlərin həll edilməsindən ibarətdir.
Müdafiə naziri döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlimlərin, praktiki məşğələlərin, çöl çıxışlarının səmərəliliyinin daha da artırılmasına diqqəti yönəldib. Nazir çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə aparan yolların təmir edilməsi, eləcə də yeni yolların salınması sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirərək bunların davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirənin sonunda Müdafiə naziri oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.