Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi başa çatıb.Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Ramiz Mirişlinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Nazir bildirib ki, bəstəkar Azərbaycan musiqisi tarixində dərin izlər qoyub. Onun sözlərinə görə, musiqinin müxtəlif janrlarında yazan R. Mirişli bir çox musiqi əsərlərinin, romansların və digər əsərlərin müəllifidir: "Onun əsərləri daim yaşayacaq. Ramiz Mirişli Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib ”.
Bəstəkar Arif Məlikov çıxışında bu günün ağır gün olduğunu qeyd edib. R. Mirişli ilə dost olduqlarını xatırladan A. Məlikov onunla bağlı xatirələrini bölüşüb.
Vida mərasimində bəstəkar Siyavuş Kərimi, xalq artisti Azər Zeynalov, İctimai Televiziyanın direktoru Cəmil Quliyev də mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Bəstəkarın oğlu Nazim Mirişli hər kəsə təşəkkür edib. O bildirib ki, atasının hələ səslənməyən bir çox əsəri var, zamanla ictimaiyyətə təqdim ediləcək.
Vida mərasimi başa çatdıqdan sonra bəstəkar I Fəxri xiyabanda torpağa tapşırılıb.