"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gözlənilməz hesabla qələbə qazandınız...
- Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, növbəti oyunlarda da belə nəticələr əldə edəcəyik.
- Komandanızın oyunu sizi nə dərəcədə qane etdi?
- Bu barədə danışmaq çətindir. Hesaba baxsaq, deyə bilərik ki, komanda yaxşı oyun göstərdi. Növbəti rəqiblərlə oyunlardan sonra bu barədə danışmaq daha asan olacaq.
- Kluba yeni cəlb olunmuş futbolçuların oyununu bəyəndinizmi?
- Mən şəxsən yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdır. Fikrimcə, pis çıxış etmədilər.
- Bu gün "Qəbələ”nin ən rahat oyununu izlədiniz...
- Bəli, ilk oyun rahat oldu.
- Yeni transferlər olacaqmı?
- Bir hücumçu axtarırıq və bu yaxınlarda transfer olacaq.
- İlkin təəssürat necədir, bu komanda daha güclü təsir bağışlayır, yoxsa ötənilki?
- Bunu demək çətindir. Hesab edirəm ki, ən azından ötənilkindən pis deyil. Ola bilsin, daha da yaxşıdır. Növbəti oyunlarda bunu görəcəyik.
- Komandanın qarşısına konkret hansı hədəf qoyulub?
- Hədəf həmişə daha irəli getmək və ötənilki nəticələrdən daha yaxşısını əldə etməkdir.
- "Qəbələ” ilə çıxdığı ilk rəsmi matçında het-trik edən Teo Uiksin çıxışını necə dəyərləndirirsiniz?
- Gözlənilməz idi. Ümumiyyətlə, 3 qol vurmağımız gözlənilməz idi, nəinki bir futbolçunun het-trik etməyi. Çox gözəl qollar idi.
- Ötən mövsümün sonunda "Qəbələ” bir qədər uğursuz çıxış etdi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Komanda Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi?
- Hədəflərimiz həmişə böyükdür. Ona görə də mən ötən mövsüm Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim . Amma təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bu oyunlarda uğurlarımız davamlı olacaq.
- Büdcənin artırılması gözlənilirmi?
- Xeyr, əksinə azalma baş verib. Büdcə artımından söhbət getmir.
- Bu, mövcüd maliyyə problemlərindən irəli gəlir?
- Bəli, əlbəttə maliyyə problemləri böyük rol oynayır. Hesab edirik ki, bir qədər qənaət etməklə də nəticə qazanmaq olar.
- Necə düşünürsünüz, maliyyənin azaldılması komandanın nəticə qazanmasında mənfi rol oynaya bilər?
- Əlbəttə, rol oynaya bilər. Amma biz maksimum çalışmışıq ki, düzgün transferlər edək. Bildiyiniz kimi, keçən il bəzi uğursuz transferlər etdik. Daha uğurlu transferlər etməklə bunu neytrallaşdırmaq istəyirik.
- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, "Qəbələ” artıq öz yetirmələrinə daha çox güvənəcək?
- Məşqçinin qarşısına hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları və akademiya yetirmələrini oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budur.
Qol.az