sabahinfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidubölkəsinin mətbuatına müsahibə verib.
- Ukraynalı bir şəxs hansı 3 səbəbə görə Azərbaycandan imtina edə bilər?
- Birinci: orada qoyun ətini çox sevirlər. İkinci: Bakıda hava çox isti olur. Bu yay normal temperatur 35 dərəcə idi. Nəfəs almaq çox çətindir. Üçüncü: orada dindar insanlar çoxluq təşkil edir. Ramazan ayında oruc tutan futbolçular da var idi. Biz istidən şikayətlənəndə onlar su içmirlər, yemək yemirlər. Sübh tezdən axşama kimi qidalanmırlar. Ağır məşqlərə dözürdülər. Həmçinin Azərbaycanda böyüklərə qoyulan hörmət məni çox təəccübləndirirdi.
- Gənc futbolçular da belədir?
- Əlbəttə, gənc oyunçular baxırsan ki, sənin çantanı gətirib və ya sənə qəhvə hazırlayıb.
- Azərbaycanda nəyə öyrəşmək çətindir?
- Maşın sürməyə. Çox əcaib qaydalar var. Əgər sürücü barmağı ilə işarə edirsə, sən onu mütləq gözləməlisən. Hər kəsin özünəməxsus qaydaları var. Buna görə də mən orada maşın sürmürəm.
- Bəs "Qəbələ"yə keçidiniz necə alındı?
- Ukraynanın top-klublarında oynamamışam. Orta səviyyəli futbolçuyam. Bu, mənim fikrimdir. Bəlkə, kimsə başqa fikirdədir. İstərdim ki, top-klublarda oynayım, amma "Qəbələ"yə keçidimə görə heç də peşman deyiləm. Bir çoxları deyə bilər ki, Azərbaycana getdinsə, karyeran başa çatacaq. Bu, belə deyil. Roman Qriqorçuk olan yerdə inkişaf var. Pula görə getdim? Xeyr. Mən Avropa arenasında böyük təcrübə qazandım. Avropa Liqasında "Borussia" və "Lille" kimi komandalara qarşı oyunlar yaddaşımdadır. Azərbaycan Premyer Liqasının səviyyəsi aşağı deyil. "Qarabağ" da çox güclü komandadır. Ağdam klubu öz sözünü Avropa arenasında deyir.
- Azərbaycan və Ukrayna çempionatlarının əsas fərqi nədir?
- Komandaların yarısı təbii, yarısı isə süni ot örtüklü meydanda oynayır. Bu, çətinlik yaradır.
- Bəs komandaların maliyyə durumunda nə fərqlər var?
- Ukrayndakı kimidir. 2-3 klubun maddi imkanları yaxşıdır. Digərləri də ortabab.
- Atanız Yuri Vernidub bildirirdi ki, siz "Qəbələ"də az-az oynayırsınız...
- Problem yalnız məndə olub. Çempionatın ilk dövrəsində az oynadım. Yaxşı formada olsaydım, şans qazanardım. Öz üzərimdə çox çalışdım və ötən mövsümün sonundan etibarən daim start heyətdə yer aldım. Atam klubumu dəyişməyimi istəyir? Belə bir fikrim yoxdur. Atam məni, yəqin, düz başa düşməyib. Onunla bu barədə danışmamışam. Mən atamın fikirlərinə hörmətlə yanaşıram, amma ona dedim ki, belə açıqlamalar verməsin. Çünki söz-söhbətə səbəb oluram, mən isə belə insan deyiləm. Problem varsa, özümdə axtarmalıyam.
- Yeri gəlmişkən, "Qəbələ"də digər ukraynalı Dmitri Bezotosnı ilə münasibətin necədir?
- Qəbələdə eyni qalmasaq da, səfərlərdə birlikdə oluruq. Həmişə söhbət edirik və bir-birimizi gözdən qoymuruq. Bəzən gülərək özümüzə qardaş deyirik. Bəzən olur ki, məşqə eyni əşyalarla gəlirik.
- Futbol arzun nədir?
- Bütün futbolçular kimi milli komandada oynamağı mən də arzulayıram. Amma başa düşürəm ki, bu çox çətindir. Millidə çıxış edənlərin çoxu gənc və istedadlı futbolçulardır. Oraya düşmək çətindir. Amma arzulamaq heç kimə qadağan olunmayıb.