Bildiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkə ərazisində
ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb
ki, onlardan bir neçəsinin açılışı artıq
reallaşıbdır. İkisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron
rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi davam edir. 06
iyul tarixində prezident
İlham Əliyev və I vitse-prezident
Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar
Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan
modul tipli hospitalının açılışında iştirak etdilər. Tibb
ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçımız ölkəmizin üç
yerli televiziyasına müsahibə verdi. Azərbaycan dövlətinin koronavirus
pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox
mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət
daşıyır. Bu dəfə isə Fövqəladə
Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı konoravirusa
yoluxanların müalicəsi üçün istifadəyə verildi. Bu cür yüksək səviyyəli modul
tipli hospitalların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımı tibbi
xidmətlərlə əhatə olunması üçün vahid iradəetmə və tibbi əlaqələndirmənin təmin
edilməsində böyük rol oynayır.
Məlumdur ki, ölkəmiz dünya dövlətlərilə hər zaman əməkdaşlıq edib, dostluq
münasibətlərini qoruyub saxlamağı bacarmışdır. Cənab Prezidentin də dediyi
kimi bu günlərdə beynəlxalq
əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımı
addımları atır. Ölkəmizdə pandemiya ilə bağlı verilən bütün qərarlar insanlarımızı,
onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə
dövlətimiz bütün imkanlarını səfərbər edir ki, xalqımız bu vəziyyətdən az itkilərlə
çıxa bilsin. Ölkəmiz pandemiyanın yarandığı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı
ilə təmasdadır. Bu təşkilatın mütəxəssisləri ölkəmizə dəvət olundular, öz məsləhətlərini
verdilər və o məsləhətlər əsasında bu gün bir çox zəruri addımlar atılır.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bugünə qədər koronavirusla mübarizə
istiqamətində görülmüş bütün işlərə yüksək qiymət verir və təşkilatın nümayəndəliyi bu gün Azərbaycanda
çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Məlumdur
ki, Covid19 pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurub və Azərbaycan
da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim ökəmizdəki
vəziyyətə də mənfi təsir göstərmişdir. İqtisadiyyatımızın böyük zərərə
uğramasına baxmayaraq hər zaman cənab Prezidentimiz vurğulayır ki, "insanların
sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır”. Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərərlərə
baxmayaraq dövlətimizdə heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Cənab Prezidentimiz yerli televiziya
kanallarımız müsahibəsində qeyd etdi ki, "bu il büdcə xətti ilə reallaşan
sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə
aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi
köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni
mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil
istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi
il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi
nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm
təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli
sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən
qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə
çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3
milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.
Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq ”. Ölkə başçısı
müsahibəsində son zamanlar neftin qiymətinin düşməsi ilə bağlı məsələyə də
toxunub. O qeyd edib ki, "Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə
olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə
olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və
insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin
düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran
antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri
ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti
hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər
böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Azərbaycan pandemiya ilə mübarizədə indiyə qədər 30-dan çox ölkələrə humanitar
yardım göstərib. Edilən yardımların işıqlandırılmaması onu deməyə əsas verir
ki, dövlətimiz bu yardımları piar üçün deyil, ölkələrə həmrəylik borcu kimi
edibdir. Dövlətimizin digər ölkələrə bu cür jestləri ölkəmizin beynəlxalq
mövqelərini daha da möhkəmləndirir. Ölkə başçımız cənab İlham Əliyevin sayəsində
Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Xatırladaq ki, ölkəmiz
keçən ilin oktyabrından iki beynəlxalq təşkilata Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və
Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz indiyə qədər beynəlxalq arenada bir
sıra təşəbbüslər irəli sürmüşdür. Buna misal olaraq Türk Şurasının və Qoşulmama
Hərəkatının Zirvə toplantılarını misal göstərə bilərik. Bu təşəbbüsləri Azərbaycanın beynəlxalq
nüfuzunun göstəricisi kimi dəyərləndirmək olar. Cənab Prezident bu təşkilatlara
sədrliyindən danışarkən qeyd etdi ki, "Bakıda iki Zirvə görüşü keçirilmişdir. O
vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv
ölkələrin maraqlarını dünya miqyasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq
hüququ müdafiə edəcəyik. Ona görə bu ağır bir dövrdə, əlbəttə, hesab etdim ki,
Zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var. Bildirməliyəm ki,
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni formatda - onlayn
formatda ilk Zirvə görüşü idi. Ondan sonra digər təşkilatlar da buna oxşar addımlar
atdılar. Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşləri
çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə
oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır”.
Bildiyimiz kimi ölkə başçımız cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ermənistan isə bu təşəbbüsün
əleyhinə səs verən yeganə ölkə olmuşdur. İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın
bu xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Ancaq bunu bacara bilmədi.
Bununla da, özü özünü ifşa etmiş oldu. BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın,
onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi əlbətdəki tarixi hadisədir. Bu təşəbbüsün
dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab
Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs
müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və
onun Prezidenti tərəfindən irəli sürülüb. Cənab Prezidentin məlum təşəbbüsü
dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq
arenada mövqeyimizi gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri
ilə əlaqələrini də genişləndirir. Bu bir faktdır ki, dövlətimiz illərdir müstəqil
siyasət aparır və ölkəmizin siyasətinə heç bir kənar qüvvənin təsir etməsinə
icazə verilmir. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə
də bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Cənab
Prezidentimizin dediyi kimi: "bizim sözümüz imzamız qədər təsirlidir!”.
Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu
istiqamətdə dövlətimiz diplomatik müstəvidə uğurlu siyasət aparır. Ölkə
başçımız hər zaman yerli və beynəlxalq çıxışlarında bu mövzuya həssaslıqla yanaşır. Ötən gün yerli
telekanallarımıza verdiyi müsahibəsində də cənab Prezident işğalçı Ermənistana
qarşı mövqeyimizin dəyişilməz olduğunu, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll olunmasını bir daha vurğuladı. Ölkə
başçımız onu da qeyd etd ki, "ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün
aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda
açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik
Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO
və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir,
bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir. Biz haqlı olmağımızı həm beynəlxalq
arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri
yadından çıxmasın!”
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını
bütün beynəlxalq platformalarda dünyaya çatdıran Prezident İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı paneldə də tarixi bilikləri, mövzu ilə bağlı ortaya qoyduğu faktları
və qətiyyətli mövqeyi ilə Azərbaycan Prezidentinin böyük lider olduğunu bir
daha bütün dünyaya nümayiş etdirmişdir.
Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi”
Birliyinin sədri