"Qazaxıstan bizim üçün qardaş ölkədir" - İlham Əliyev

"Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir.”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı deyib. Onun sözlərinə görə, ölkələr bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçirir.

"Bugünkü səfərin gündəliyi kifayət qədər genişdir. Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq”.

İlham Əliyev əlavə edib ki, bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir:

"Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir. Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik.

Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir.

Fikrimcə, Sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq. Sizi bir daha salamlamaq və əmin olduğumu bildirmək istərdim ki, bu səfər çox uğurlu keçəcək və ölkələrimizi daha da yaxınlaşdıracaq. Xoş gəlmisiniz”.(azvision)