Sevdiyi qızı oğurlayaraq zorlamaqda təqsirli bilinən 1990-cı ildə Qazax şəhərində anadan olmuş Xəzər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sabahinfo.Az teleqraf.com-a istinadən xəbər verir ki, Xəzər Əliyev "KCA Deutag" şirkətində boru operatoru vəzifəsində işləyib. O, istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girib.
Xəzər Əliyev 9 iyul 2014-cü il tarixdə, saat 03 radələrində tanışı Samirə Babayevanın (ad və soyad şərti verilib) Türkiyənin İstanbul şəhərindən Bakı şəhərinə gəldiyini öyrənib.
Şübhəli izləmə
Xəzər Əliyev tanışı ilə birlikdə Samirə Babayevanı Bakı Beynəlxalq Hava Limanından yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 saylı binanın qarşısına qədər izləyib.
Həmin ünvanda Samirənin "Mercedes" markalı avtomobildən düşərək tək qalmasını görüb və ona arxadan yaxınlaşaraq silah qismində istifadə etdiyi bıçağı boğaz nahiyəsinə dirəyib.
O, digər əli ilə qızın ağzını tutmaqla istintaqa məlum olmayan tanışının köməkliyi ilə zorla özünə məxsus olan "Kia" markalı "90-MJ-477" dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında otuzdurub. O, daha sonra avtomobili sürərək oradan uzaqlaşıb.
Zorlama
Xəzər Əliyev yolda tanışını avtomobildən düşürtdürüb və sonra Samirə Babayevanı Xətai rayonu, X.Məmmədov küçəsi 20 saylı binada kirayə tutduğu mənzilə gətirib.
Xəzər Əliyev orada Samirə Babayeva ilə zorla cinsi əlaqədə olub. Samirə Babayevanın şikayətindən sonra Xəzər Əliyev həbs edilib.
3 maddəli cinayət işi
Xəzər Əliyev Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham edilib.
"Məni sevdiyini bildirdi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, təqsirləndirilən Xəzər Əliyevlə həmkəndli olub: "Xəzəri məktəb illərindən tanısam da, onunla heç bir münasibətim olmayıb. Bakı şəhərinə gəldikdən sonra Xəzər məni sevdiyini bildirib. Amma Xəzərin bu sevgi təklifinə rədd cavabı vermişəm".
Samirə Babayevanın sözlərinə görə, iyulun 9-da, gecə Bakı şəhərində təyyarədən enən kimi anasına və bacısı Nuraya zəng edərək hava limanında olduğunu deyib: "Bacım sürücünü hava limanına göndərdiyini bildirdi. Həmin vaxt Xəzər də durmadan mənə zəng edib, hava limanından bayıra çıxmağımı tələb edirdi. Lakin Xəzər tərəfindən qaçırılacağımdan qorxduğum üçün bayıra çıxmadım və sürücünü gözlədim. Sürücü hava limanına çatdıqda çıxdım və onun maşını ilə yaşadığım binaya gəldim. Avtomaşından düşərək bloka daxil oldum. 2-ci mərtəbədə qarşıma tanımadığım bir oğlan çıxdı. Ona yol verdim. Elə həmin vaxt arxadan kimsə bir əli ilə ağzımdan, digər əli ilə isə qarnımdan tutdu. O, məni qucağına aldı və geriyə doğru blokdan çıxartmağa başladı".
"Məni də, özünü də öldürəcəyini dedi"
Zərərçəkmiş qeyd edib ki, arxaya baxdıqda həmin şəxsin Xəzər olduğunu, tanımadığı həmin oğlanın isə onun çantasını götürərək blokdan çıxdığını görüb: "Həmin vaxt ayaqlarım ilə çırpındım, Xəzərin əlini dişləməyə çalışdım. Lakin Xəzər məni tanımadığım oğlanla birgə "KİA" markalı avtomaşınının arxa oturacağına otuzdurdu. Tanımadığı şəxs isə arxa oturacaqda, yanımda oturdu. Xəzər qaranlıq bir yerdə avtomaşını saxladı. Mənə doğru dönərək səs-küy salacağım təqdirdə əlindəki bıçaqla məni də, özünü də öldürəcəyini dedi".
Samirə Babayeva qeyd edib ki, bir qədər də getdikdən sonra tanımadığı şəxs maşından düşdü: "Xəzər məni də maşından düşürtdü və qabaq oturacaqda yanında otuzdurdu, kəməri də bağladı. Həmin vaxt Xəzər əlində olan bıçaqla yenə də məni hədələyərək tərpənməməyi tapşırdı. Bir qədər getdikdən sonra qaranlıq həyətə çatdıq. Xəzər avtomaşını evin həyətində saxladı. Mənə həmin ünvanda dayısının evinin olduğunu dedi. Qorxumdan səsimi çıxarmadım. Məcbur Xəzərlə liftə mindim".
"Mənzildən qaçmağa çalışdım"
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2-ci mərtəbədə olarkən Xəzər telefonunun maşında qaldığını və məndən geri dönənədək onu gözləməyimi tələb etdi: "Qaranlıq yerdə qorxa-qorxa Xəzəri gözlədim. Xəzər geri qayıtdı və birlikdə 3-cü mərtəbəyə qalxdıq. Mənzilin qapısını açaraq içəri keçdik. İçəridə heç kəs yox idi. Başa düşdüm ki, o, məni aldadıb. Xəzəri itələyərək vurmağa başladım. Sonra mənzildən qaçmağa çalışdım".
Samirə Babayeva bildirib ki, bu zaman Xəzər onun qollarından tutaraq müqavimət göstərməsinə imkan verməyib: "Xəzər məni divana otuzdurdu, sonra isə qolumdan dartaraq digər otaqda olan çarpayının yanına apardı. Məni arxası üstə çarpayıya yıxdı və mənimlə cinsi əlaqədə olacağını dedi. Xəzər qollarımı tutduğuna görə, onu ayaqlarımla itələdim. Qışqırmamağım üçün bir əli ilə hər iki qolumu, digər əli ilə isə ağzımı tutdu. Məni soyundurdu. Mənimlə zorla cinsi əlaqədə oldu".
Şahid: "Qızım özünü öldürəcəyini dedi"
Cinayət işi üzrə zərərçəkmiş Samirə Babayevanın anası Fatma Babayeva da (ad və soyad şərti verilib) şahid qismində ifadə verib. O, bildirib ki, iyulun 9-da Samirə Bakıya qayıtmalı olub: "Həmin gün tanımadığım nömrədən mənə zəng olundu və bir qadın Samirənin Xəzər tərəfindən qaçırıldığını dedi. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdik. İyulun 9-da, saat 19-20 radələrində polislər Xəzəri və Samirəni tapdılar, sonra 16-cı polis bölməsinə gətirdilər. Bölmədə olarkən polis əməkdaşları Tərlan, Məhərrəm və digərlərinin yanında Samirəyə bildirdim ki, əgər Xəzərlə könüllü qaçıbsa, onunla yaşasın. Ancaq Samirə qətiyyən Xəzərlə yaşamayacağını, belə bir şey olsa özünü öldürəcəyini dedi".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəzər Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Xəzər Əliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, Samirə Babayeva onunla könüllü qaçıb. O, adam oğurluğu və zorlama cinayətlərini qəbul etməyib.
Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Xəzər Əliyevin apelyasiya şikayəti araşdırılıb. Hakim heyəti Xəzər Əliyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Bu qərardan narazı qalan Xəzər Əliyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, Xəzər Əliyevin kasasiya şikayəti təmin edilməyib.