Ağalar Vəliyev qəbul keçirib

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonununda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib.
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, partiyanın fəalları və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Millət vəkili Milli Məclisdə qəbul olunan "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun mahiyyəti barədə seçicilərinə ətraflı məlumat verib, pandemiya dövründə karantin rejiminin digər tələbləri ilə yanaşı vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsinin zəruriliyini və buna əməl olunmadığı təqdirdə müxtəlif məbləğlərdə cərimələrin tətbiqinin labüdlüyünü bildirib.
Görüşdən sonra bir qrup seçici deputat tərəfindən fərdi qaydada qəbul olunub və onların sosial-məişət məsələləri ilə bağlı müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda əhalinin bəzi kommunal xidmətlərlə təchizatında mövcud olan problemlərin aradan qaldırılması istiqamətlərində rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.
Görüşün və qəbulun iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib. Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində seçicilərlə növbəti səyyar görüşü keçirilib. Sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib.
Goranboy rayonunun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirak etdiyi, səmimi və işgüzar şəraitdə keçən görüşdə 8 minə yaxın əhalisi olan qəsəbənin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Ağalar Vəliyev Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bilavasitə dəstəyi ilə yeni artezian quyusunun qazılmasını təşkil edəcəyini və yaxın vaxtlarda bütün müasir standartlara cavab verən artezian quyusunun istifadəyə veriləcəyini vurğulayıb.