7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları genişmiqyaslı, peşəkar təşkilatçılığı ilə yadda qaldı. 57 ölkədən 3000-dən çox idmançı 23 idman növü üzrə mübarizə aparırdı. Bu oyunların da timsalında bir daha idman vasitəsilə həmrəylik təşviq edildi. Qabaqcıl texnologiyaların təşkili, mədəni inteqrasiya, media mütəxəssisləri və könüllülərin fəallığı, təşkilat komitəsinin peşəkar təşəbbüsləri bu tədbirin uğurlarından biri idi.
Bu oyunlar müsəlman xalqları arasında birlik, inklüzivlik və inkişaf dəyərlərini, həmçinin idmanın mədəniyyətlər arasında anlaşma körpüsü rolunu gücləndirir.
Azərbaycan idmançıları da mötəbər yarışda uğurlu çıxış etdilər. Qeyd edim ki, Azərbaycan komandası bu Oyunlarda 20 idman növündə 169 atletlə mübarizə aparır. Ölkəmiz ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunurdu. İdmançılarımız 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandılar. Bu nəticə ilə Azərbaycan 57 ölkə arasında ümumi sıralamada əyara görə 10-cu, medal sayına görə 4-cü yerdə qərarlaşdı. Ümumiyyətlə, İslam Həmrəylik Oyunları birgə İslam fəaliyyətinin və İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstəyin vacibliyini vurğulayır. İdman sülh, birlik və anlaşmanın təşviqi üçün körpü rolunu oynayır.
Xatırladım ki, ilk Oyunlar da 2005-ci ildə məhz Səudiyyə Ərəbistanında təşkil olunmuşdu. İyirmi illik fasilədən sonra Səudiyyə Ərəbistanı İslam dünyasının idmançılarını yenidən bir araya gətirdi. Məlumat üçün deyim ki, oyunlar çərçivəsində müxtəlif müzakirələr də təşkil olundu. Belə ki, İSSA Koordinasiya Komissiyasının sədri kimi, 50-dən çox üzv ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə bir araya gələrək Oyunların 6-cı buraxılışının uğurlu keçirilməsi üçün əsas təşkilati məsələləri müzakirə etdik. Həmçinin ISSA İcraiyyə Komitəsinin 44-cü iclasında iştirak edərək, həmkarlarımızla birgə məhsuldar fikir mübadiləsi apardıq. Eyni zamanda 57 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin, beynəlxalq federasiya rəhbərləri və digər qonaqların iştirak etdiyi 14-cü İSSA Baş Assambleyasında da çıxış edərək Koordinasiya Komissiyasının gördüyü işlər barədə auditoriyaya ətraflı məlumat verdim.
Oyunlar çərçivəsində Səudiyyə Ərəbistanının İdman Nazirliyinin "İdmanda qadınlar" mövzusunda təşkil etdiyi konfransa da qatıldım. Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunun gücləndirilməsi, qadın liderliyinin təşviqi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi idi. Bu platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı.
Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları İslam dünyasında ədalətli rəqabəti təşviq edən, sülh və qardaşlıq dəyərlərini təbliğ edən vacib tədbirdir. Məlum olduğu kimi, 8 il əvvəl 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlanmışdı. Azərbaycan İslam dünyasına nümunəvi standartlar təqdim etmişdi. Ər-Riyad da Bakı kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Bu mənada 6-cı İslam Həmrəylik Oyunlarının da müsəlman dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyə bilərik.