Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, BAM-ın inşasına başlanmasının 50 illiyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə təşkil edilən görüş ikitərəfli münasibətlərin dostluq, qarşılıqlı anlaşma kimi möhkəm təmələ əsaslandığını göstərdi. Bu, eyni zamanda Ulu Öndərin xatirəsinə olan hörmətin əlamətidir. Məlumdur ki, ötən il də Ulu Öndərin 100 illiyi ilə bağlı Rusiyada genişmiqyaslı və mötəbər tədbirlər keçirildi.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Heydər Əliyev amili Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o, Moskvada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Ümumilli liderin Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirakı, onun reallaşdırılmasına verdiyi töhfələr bu gün də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. Moskvada da hesab edirlər ki, indiki mərhələdə Şərqə dönüş Baykal-Amur Magistralı sayəsində mümkündür.
Təbii ki, tarixin yaddaqalan məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Bu mənada Rusiya rəhbərliyi Bakı-Moskva əməkdaşlığını BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirir.
Bu səfərin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş tutması isə iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyət nümunəsi kimi qiymətləndirilməlidir.
Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür.
Müttəfiqlik haqqında bəyannamə də gələcəkdə ikitərəfli münasibətlərin ardıcıl inkişafını müəyyən edir və tərəflər bu sənəd çərçivəsində işləyirik.
Səfər zamanı diqqət yetirilən mühüm məqamlardan biri də ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi oldu. Bunun ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğu bir daha qeyd edildi.
Eyni zamanda regional təhlükəsizlik məsələləri də hər zaman olduğu kimi bu dəfə də dövlət başçılarının görüşünün gündəliyində idi. Bu gün Azərbaycan və Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkələrdir.
Bu səfər həm də Ermənistanın Qərblə münasibətlərdə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə münasibətlərini zədələməsi şəraitində baş tutdu. Azərbaycanın bəzi Qərb dövlətlərinin qeyri-dost münasibətlərinə baxmayaraq, ümumilikdə Rəsmi Bakının Qərblə də münasibətləri normaldır. Bu isə uzaqgörən, məntiqli siyasətin tərkib hissədir. Azərbaycan bütün tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir. “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” də ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan və Rusiya qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır. Təsadüfi deyil ki, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərməkdədir.