Bu ilin iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı yaradılan Bakı Təşəbbüs Qrupunun neokolonializmlə mübarizə imkanlarına təsiri daha da genişlənib. Ötən həftə Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda da bu məsələ xüsusi qeyd olundu. 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin qatıldığı toplantıda əsas diqqət Fransanın müstəmləkəçi siyasətinə yönəldi. Təbdirə qatılanların əksəriyyəti müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Prezident İlham Əliyevin konfrans iştirakşılarına ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Bakı Təşəbbüs Qrupunun cari il sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda keçirdiyi konfransda da Fransanın neokolonial siyasəti ciddi tənqid olunmuşdu. Sözügedən platformada da “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələr aparıldı, Fransanın müstəmləkəçi siyasəti dünya birliyinə çatdırıldı.
Bakı platformasında isə verilən əsas mesajlardan biri siyasi cəhətdən qandallardan azad olmaq, Fransanın manipulyasiya siyasətinə qarşı beynəlxalq aləmdə həmrəyliyi gücləndirməkdən ibarət oldu. İnsanların öz ölkəsində, öz torpaqlarında olan sərvətlərdən istifadə etmək istədiyini bildirən konfrans iştirakçıları müstəqil dövlətlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıblar. Bu mənada Azərbaycanın dəstəyini nümunə kimi qiymətləndiriblər.
Bakı Təşəbbüs Qrupunun Bakıda ofisinin açılması da olduqca vacib və səmərəli addımdır. Bakı ofisi həm ölkə daxilində, həm ölkə xaricində Qrupun fəaliyyətini təmin edərək, müstəmləkəçilikdən zərər çəkən regionlarla əməkdaşlığı davam etdirmək niyyətindədir. Yəni neokolonializmə qarşı mübarizə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində daha geniş miqyasda davam edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yekunlaşdıqdan sonra da Bakı Təşəbbüs Qrupu neokolonializmlə bağlı mübarizəni davam etdirəcək. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin insan hüquq və azadlıqlarına ən böyük töhfələrindən biridir.
Könül Nurullayeva
Milli Məclisin deputatı