Bakıda yeni zavod istifadəyə veriləcək

Ölkəmizdəki əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır.

İqtisadiyyat Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.