Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması bizi hər zaman qürurlandırır. Bu ləyaqətli, fədakar insanlar mümkün olmayanı mümkünə çeviriblər. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. 15 sentyabrda Bakının qurtuluşu Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. Həqiqətən azərbaycanlıların iştirakı və türk qardaşlarımızın dəstəyi ilə yaranan Qafqaz İslam Ordusunun gəlişi minlərlə günahsız insanı fəlakətdən,erməni vəhşiliyindən qurtardı. Bu barədə böyük ziyalı, dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin bu hərəkətləri ilə bağlı yazırdı: “Əgər Turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar”. Bakının 6 aylıq işğalna son qoyulması Azərbaycanın demokratik dövlətçilik tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi. Düzdür, Bakının 106 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən milli xəyanətkarlar oldu. Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran, müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman yüzlərlə Azərbaycan və türk əsgəri birlikdə öz şirin canlarından keçib Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur. Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram“. Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan Xalq Cümhuriyyətnin simaları bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir. Xalq Cümhuriyyətinin fədakar liderlərini, işıqlı insanlarını biz yaxından tanımalıyıq. Gənc nəslə örnək olacaq bu insanlar heç zaman unudulmamalıdır. Millətin azadlıq ideyaları, dövlətçilik təfəkkürü belə şəxsiyyətlərin yaradıcılığında, mübarizə ruhundadır!
Əkrəm Bəydəmirli