Anar Bağırov Beynəlxalq Hüquq Forumda ölkəmizi təmsil edib

14-18 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində IX Beynəlxalq Hüquq Forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından Kollegiyanın sədri Anar Bağırov iştirak etmişdir. Azərbaycanın Respublikasının Vəkillər Kollegiyası hər il ənənəvi olaraq keçirilən foruma Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası tərəfindən dəvət olunmuşdur.

Tədbirdə Vəkillər Kollegiyasının sədrinin bir sıra ölkələrin vəkillər kollegiyalarının, habelə ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri ilə qarşılıqlı görüşləri keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov forumun vəkillik peşəsi ilə bağlı sessiyasında "Uğur qonorarının taleyi” mövzusunda çıxış etmiş, bu sahədə Azərbaycan təcrübəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, onların suallarını cavablandırmışdır. Qeyd olunan mövzu ilə bağlı həmçinin Rusiya Federasiyası Vəkillərinin Fedral Palatasının sədri Yuriy Pilipenko, İngiltərə və Uels Hüquq Cəmiyyətinin sədri xanım Bləklous Krinstin, Almaniya Vəkillərinin Federal Palatasının sədri Vessel Ulrix, Paris Vəkillər Palatasının sədri xanım Peyron Meri-Emi, Moldova Respublikası Vəkillər İttifaqının sədri Ploşnitsa Emanuil tərəfindən müvafiq ölkələrin təcrübəsinə dair məruzələrlə çıxış edilmişdir.

Qeyd olunan sessiyada Rusiya Federasiya ədliyyə naziri Aleksandr Konovalovun da olmuşdur. O, öz çıxışında Rusiyada peşəkar hüquqi yardımın göstərilməsi sahsəində islahatların həyata keçirilməsinin vaxtının gəlib çatdığını qeyd etmiş və bu təşəbbüsün reallaşacağına ümidlərini ifadə etmişdir.

Bundan başqa Forum çərçivəsində Sankt-Peterburq Vəkillər Palatasının təşkilatçılığı ilə qonaq ölkələrin vəkillər kollegiyalarının rəsmiləri üçün təntənəli şam ziyafəti verilmişdir. Tədbir "Vəkillik fəaliyyətinin əsas prinsipləri haqqında” Xartiyanın imzalanmasının 3-cü ildönümünə həsr olunmuşdur.