Almaniya Bundestaqında fəaliyyət göstərən Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprel ayında baş vermiş gərginliklə əlaqədar bəyanatla çıxış edib.
sabahinfo.az bildirir ki, Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) azvision.az-a verilən məlumata görə, TEAS-ın sorğusuna cavab olaraq verilən bəyanatda bildirilir ki, Parlamentlərarası Dostluq Qrupu bir neçə həftə bundan əvvəl Dağlıq Qarabağ regionunda zorakılıq hallarının yenidən baş qaldırması ilə bağlı dərin narahatlıq hissi keçirir.
Qeyd olunub ki, hazırda bölgədə baş verən zorakılıq hallarına mümkün qədər tez son qoyulmalıdır. Bu münaqişədə insan itkisinin miqyası həddən ziyadə çoxdur. Bu il Almaniya Federativ Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrlik missiyasını həyata keçirir:
- Biz bu lazımsız insan itkilərini dayandırmaq üçün ATƏT və bu məsələ ilə məşğul olan Minsk Qrupu çərçivəsində çevik tədbirlərin görülməsini tələb edirik. Münaqişə bölgəsində dramatik vəziyyətin səngiməsinə səmərəli töhfə vermək üçün bu il Almaniya geniş imkanlara malikdir.
Ermənistan prezidenti ilə birgə mətbuat konfransında federal kansler Angela Merkel münaqişənin həllində Almaniyanın ATƏT-də sədrliyi çərçivəsində oynaya biləcəyi konstruktiv rolu bir daha təsdiqləyib. Parlamentlərarası Dostluq Qrupu federal kanslerin bu mövqeyini dəstəkləyir. BMT Baş Assambleyasının 822, 853, 874 və 884 saylı qətnamələrində vurğulanıb ki, hazırkı status-kvo beynəlxalq hüquq prinsipinə daban-dabana ziddir.
Buna son qoyulmalı və qətiyyətlə pislənilməlidir. Parlamentlərarası Dostluq Qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin yerinə yetirilməsinin vacibliyini dəstəkləyir. Davamlı atəşkəsə nail olunması danışıqlar masasına qayıtmaq üçün əsas tələbdir. Azərbaycan tərəfinin birtərəfli qaydada hərbi əməliyyatların dayandırılması haqda qərarı müsbət hal kimi dəyərləndirilməlidir. Hazırda atəşkəsə hər iki tərəf riayət etməlidir.
Almaniya - Cənubi Qafqaz Parlamentlərarası Dostluq Qrupu davamlı sülh danışıqlarını dəstəkləmək üçün beynəlxalq vasitəçi kimi münaqişə iştirakçıları ilə aparılan danışıqlar prosesinə qoşulmağa hazırdır. Cənubi Qafqaz ölkələrinin parlamentləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən əlavə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Parlamentlərarası Dostluq Qrupunu narahat edən ən ümdə məsələlərdən biridir.
Biz sülh şəraitinin yaradılması prosesini gücləndirməyə çalışırıq. Baxmayaraq ki, bu, həddən artıq mürəkkəb bir prosesdir. Buna baxmayaraq, xüsusilə də ATƏT-də sədrliyimiz fonunda bu qəbuledilməz vəziyyətə tezliklə son qoyulması üçün vasitələr tapmaq bizim mənəvi vəzifəmizdir.