Baş Prokurorluq “Əqrəb mövsümü” serialının yaradıcı heyətini və aktyorlarını təltif edib

Baş Prokurorluq “Əqrəb mövsümü” serialının yaradıcı heyətini və aktyorlarını təltif edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.

Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.

Daha sonra qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri, Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri, Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər.

Müsabiqələrin nəticələrinə əsasən, “İlin ən yaxşı müstəntiqi” seçilmiş Xaçmaz Rayon Prokurorluğunun böyük müstəntiqi Fərrux Əzimli və “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Mərasim zamanı, həmçinin, xidməti vəzifələrinin icrasında fərqlənmiş, o cümlədən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərinin açılmasında peşəkarlıq göstərmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Xüsusi vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində mükafatlara layiq görülmüş əməkdaşlar öz məsuliyyətlərini dərk etməklə bundan sonra da xidməti fəaliyyətlərində səmərəliliyin yüksəldilməsinə və işin daha effektiv təşkilinə çalışacaqlar.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2022-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Xalq qəzeti” və “Lent.az” xəbər saytı “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov və “Lent.az” xəbər saytının baş redaktoru Hafiz Heydərov çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Mərasim çərçivəsində, həmçinin, “İctimai” televiziyada yayımlanmaqla geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş “Əqrəb mövsümü” çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.

Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasında olmasını qeyd edib.

Bildirilib ki, serialda çətin və şərəfli prokurorluq peşəsinin incə məqamlarının göstərilməsi ictimaiyyətin böyük marağına səbəb olub. Gənclərin zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.