Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.
Bununla bağlı "İnterfaks” xəbər yayıb.
Onun Koy-Taş kəndindəki evində aparılan əməliyyatda Daxili İşlər Nazirliyinin iki minə yaxın əməkdaşı iştirak edib. Əməliyyata şəxsən Qırğızıstan Daxili İşlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib.
Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.
A.Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.
Dünən axşam saatlarında güc strukturlarının Atambayevin qaldığı evə basqını zamanı baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, 48 nəfər yaralanıb.