Avropa İttifaqə öz ordusunu yaratmalıdır. Bunu Avropa Komissiyasının sədri Jan Klod Yunker bəyan edib.
"Mən əvvəllər Avropa ordusunun yaradılmasının tərəfdarı olduğumu bildirəndə tənqid atəşinə tutulurdum. İndi isə bu qaçılmazdır. Hesab edirəm ki, biz Avropa müdafiə siyasətini yaratmaq üçün xeyli sərmayə yatırmalıyıq”, deyə J-K.Yunker bildirib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşması Avropanın bir nömrəli düşmənidir: "İŞİD ilə mübarizə üçün bütün ölkələr səylərini birləşdirməlidirlər. Bu məsələdə xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı xüsusi önəm daşıyır”.
Jan Klod Yunker vurğulayıb ki, terrorizm problemini miqrasiya böhranı ilə qarışdırmaq olmaz: "Terrorizmi miqrasiya problemi ilə əlaqələndirmək istəməzdim. Din isə, öz növbəsində, birləşdirici qüvvə olmalıdır. İnsanları bir-birindən ayırmaq üçün dindən istifadə etmək yolverilməzdir”.