BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbər heyəti, Bakı və Sumqayıt rayon təşkilatlarının üzvləri, partiyanın fəalları Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günü münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək bildirib:”84 il bundan öncə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun dağ kəndində -Kələkidə Azərbaycanın böyük şəxsiyyətlərindən biri , Əbülfəz Elçibəy dünyaya gəlib. Elçibəy Azərbaycan sevdalısı idi. O, Azərbaycanı müstəqil, azad, firəvan görmək istəyirdi. Elçibəy Türk Birliyindən, Turandan danışanda ona rişğənd edənlar vardı. Artıq bu gün Elçibəyin ideyaları gerçəkləşir. Türk Birliyi reallığa çevrilib. Azərbaycan regionun aparıcı dövləti kimi bu birliyin davamlı, möhkəm olması üçün öz təhfəsini verir. Elçibəy bir lider kimi aramızdan tez ayrıldı. O, dünyasını dəyişəndə torpaqlarımızın 20 faizi işğal altında idi. Artıq onun ruhu şaddır. Müzəffər Azərbaycan Ordusunun iğid oğulları canlarından, qanlarından keçərək torpaqlarımızı işğaldan azad ediblər. Azad olunan yurdlarımızda quruculuq işləri aparılır. Allah bəyimizə rəhmət eləsin. Ruhu şad olsun. Bizlər, davamçıları olaraq onun ideyalarının gerçəkləşdirilməsi üçün var gücümüzlə çalışacaq, Azərbaycanımızın müstəqilliyi, bütövlüyü uğrunda mübarizə aparacağıq”.
Sonda mərasim iştirakçıları Əbülfəz Elçibəyin ruhuna dualar oxuyublar.