Ayaqqqabı boyayan

Mənsur   Yaşayacağı bütün gözəl hisslərini gələcəyə buraxmışdı. Sonra deyiləcək və yaşanacaq nələrinsə olduğunu düşünürdü. Sabahlarına aid xəyallarını qurduğu vaxtlarını, gəlməsi mümkün olmayan zamanları gözləyirdi.     Həyatı vaxta meydan oxuyur. Qocalırdı. Qarşı çıxa  bilmirdi. Zamanı dayandırmaq onun ixtiyarında deyildi. Vaxtın ətəyindən tutub sallana bilməzdi.   Gedirdi. Gələcəyi əlində tutduğu bir qutu ayaqqabı boyası, fırça və ayrı-ayrı ayaqların tez-tez yer dəyişdirdiyi balaca tabletin arxasında gözləyirdi. Ona doğru bir addım atmaq, əl uzatmaq istəyirdi. Bacarmırdı. Gələcəkdə yaşamaq üçün cəsarət lazım idi, bir də arsızlıq. Onun əlində isə fırça və boya var.   Bütün gecələri hesablaşmalarla keçirdi. Neçə gecəni sonrakı günü düşünməklə qurtarmışdı. Hər səhərini gələcəkdə qarşılayırdı. Düşünməkdən yorulmuş beyni sabah haqqında fikir hazırlaya bilmirdi. Hər dəfəsində gələcəyinin bir addımlığında ölürdü. Bir sonrakı saatı iki saat yaşayardı. Vaxt keçmirdi. Gələcəyə hələ çox vardı. O isə yerində sayırdı.    Küçə boyunca onun gələcəyində yaşayan insanları süzdükcə, saat kəfkirinin ölgün hərəkətlərini çiyinlərinə yükləyərdi. Gələcəyini arsızlar oğurlamışdı. Şəxsinə aid dünya oğrularla dolu idi.   Sonrakı yolların sonsuzluğuna sürgün edilmişdi.   Ən tutqun, ən tünd, ən dəli sevdasının adından danışmırdı artıq.   Sabahı olmayan zamanlarında əriyirdi.   Saatların axışına qarışıb çata bildiyi yerə gedirdi. Sabah, o biri gün, o biri həftə, o biri ay, o biri il… Zaman çox uzanırdı.    Bu tablet onun axtardığı deyildi. Əlindən tutduğu vaxt sürüyüb öz dərinliklərində kəşf gəzintinsə çıxarmışdı. Fırça və ayaqqabı boyası sevda ruhunun başqa üzü idi. Bu barədə heç vaxt düşünməmişdi. Hər boyanan ayaqqabıda fərqli rəngi vardı.   Gələcəyin çiyinlərinə sığınıb şəfqət qapılarının açılmasını gözləyirdi. Fələyin çarxı fırlandıqca, içində yanıb sönən fərqli işıqlar başını döndərirdi. Gələcəyə dair ümidlər…   Əqrəblər irəli şütüyür. Bir saat əvvəli arzulayırdı. Bəlkə onda hər şey daha gözəldi. Çünki bir sonrakı saat dözülməz dərəcədə ümidlərinə əzab verirdi. Vaxtın hər keçişi ümidsizliyə atılmış böyük addımdı.   Keçmiş vaxtlarının axtarışındaydı. Arxada qalmışları ümid közərtisiydi. Düşündükcə sevinirdi. Tablet arxasında olduğunu unudurdu. Fırça, boya, tozlanmış ayaqqabılar çox uzaqlarda – gələcəkdə qalırdılar. Düşüncələrində səyahət etdiyi vaxtları ümid qapısını aralayırdı. Zaman gəmisi isə kayutunda fərqli dünyalar gətirirdi. - Cəld ol. Tələsirəm! – sanki bütün müştərilərin hamısının sözləşmiş kimi tez-tez təkrarladığı bu sözlər sonuncu ümid folunu da əlindən alırdı. Əlini fırçaya atıb boyamağa başlayanda gözləri bahalı ayaqqabılarda ilişib qalırdı. Tozlanmış ayaqqabılar sağa-sola şütüyən fırça altında parladıqca gələcəyə dair ümidləri yenidən baş qaldırırdı. Sanki bu ayaqqabılar üzəri tozlanmış arzuları idi. O da bir gün beləcə parlayacaqdı. Kim bilir.   Ürəyindəki ümidsizliyinin fırça və boya qutusuna hopdurduğu kədər gələcəyin onu tərk etmə duyğusudur. Bunu sonradan özü də bilmişdi.   Gələcək ehtirasları sakitləşəndə bütün ümidsizliyi ürəyində ağrıyırdı. Düşüncələr ağrı olmaqdan şəkil dəyişdirib boşluğa çevrilirdi.   Uşaqca küskünlüyü vardı. Geri qayıtmaq istəyirdi. Nə xoş illərdi. Qayğılardan tamam uzaqdı. Artıq o evdə yaşamırdı. Beton divarların boz şəhərində yola çıxmışdı. Gedirdi. Çətin gedişin arxasından gələcək "dur” demirdi. Yeni sevdalara qadağan etdiyi ürəyinə söz keçirə bilmirdi. Bu qədər ağrı, gülüş və bütün uzaq düşüncələrini yorğun bədəninin yanına alıb getmək nə qədər çətindir. Nə qədər çətindir, vaxta "tez uzaqlaş” demək. Hərdən həyat sevgisi içinə dolduqca, bütün maneələri, binaları, beton körpüləri, küçələri, prospektləri, bulvarı dənizi aşmaq keçirdi ağlından. Lakin küləyin bilmədiyi uzaqlardan gətirdiyi süstlük düşüncələrinə qarışıb hər şeyi yox edirdi. Paylaşdığı keçmişin itirdiyi gələcəyə çevrilməsi hicranında qonaqdı. Fırça və boya badalaq vurub kiçik tabletin arxasına yıxmışdı. "Belə üstümə gəlmə” demişdi. Özü də vaxtla birlikdə gələcək sevdasının cinayət ortağı idi. Düşüncələrini öldürmüşdü. İplə çəkdiyi işıqlar da sönüb. Nə səhərləri, nə içinə boşluqlarını doldurduğu keçmişi, nə də ki, kiçik tablet arxasındakı günbatmaları qalmışdı. Gələcəyində cücərtiyi çiçəkləri solub. Ruhu dammar-damar çatlayıb. Həyat bağçasındakı bütün otlar da əzilib. Kədəri də artıq ona dözmürdü. O da ölüb. İşıqlı gələcəyə yox, parlaq qaranlığa yol almışdı. Yuxudan üzündə acı təbəssümlə qalxıb onunla birlikdə oyanan günlərinə "Ölüm” adını vermişdi. Küçələr dolusu kədər və boşlqularla baş-başa yaşamağı gözə alıb. Kədər otağının divarlarına romanlardan təkliyi ucaldan paraqraflar asıb. Cavabsızlıq və səssizliyə isinib.   Səssizliyi də kədərinə alqışdır. Gələcək üçün hazırladığı çanta uzun yol üçün hazır idi. Susmağının utancı öldürdü onu. - Cəld ol. Tələsirəm!!!