XX əsrin əvvəllərində Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı olan ziyalılarımız azadlıq uğurunda mübarizəyə başladılar. Xalqımızın milli şüurunun, dövlətçilik, müstəqillik anlayışının formalaşmasında müstəsna rol oynayan bu hərəkata qısa müddət ərzində yüz minlərlə insan qoşuldu. Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadənin “türk qanlı, islam canlı, hürr iradəli vətəndaş olmaq” ideaları ətrafında birləşən mütəfəkkirlərimiz 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin II hökumətinin iclasında qəbul edildi. Əli bəyin ideyası Azərbaycan bayrağı təsis olunarkən əsas doktrina kimi qəbul olundu. Göy rəng- türklüyü, qırmızı- müasirliyi, yaşıl isə islamı əks etdirirdi. Üç rəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi və ümumbəşəri ideallara söykənirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərar haqqında danışarkən bildirirdi ki: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.
1991- ci ildə Azərbaycan Respublikası da bu bayrağı öz atributuna çevirərək bir daha səmalara qaldırdı. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası tarixi dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev həmçinin bildirirdi ki: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayraq barəsində danışarkən bildirirdi ki: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Təbii ki, müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutudur. Hər bir kəs dövlət rəmzlərinə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. Elə olmasaydı, bayraq üçün insanlar canlarını fəda etməzdilər. 44 günlük Qarabağ müharibəsində bayrağımız bizim yol, can yoldaşımız oldu. Qəhrəman oğullarımız o bayrağı son nəfəslərinə qədər üzərlərində gəzdirdilər. Bu gün Azərbaycanda üçrəngli bayrağımıza sarsılmaz sevgi, məhəbbət vardır. Hər bir evdə bayraq var. Çox sevindirici haldır ki, bu gün toylarımızda da bayrağımız dalğalanır. Bəy və gəlinlərimiz o bayrağın altından keçərək ailə həyatı qururlar. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir.
Bu gün Azərbaycanın üçrəngli bayrağı Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında, Xankəndi, Ağdərə, Xocalı, Xocəvənddə dalğalanır. O bayraq ki, heç zaman enməyəcək. O bayraq ki, dostlar ona baxanda sevinəcək, qürrələnəcək, düşmən baxanda isə bağrı çatlayacaq. Zirvələr fəth edən, ən böyük idman zallarında, ali siyasi mərkəzlərin salonlarında, beynəlxalq təşkilatların önündə dalğalanan bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon. Təşkilatının əməkdaşı