Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək bir sıra vacib məsələlərlə bağlı fikirlərini bildirib.
Azay Quliyev 7-ci mikrorayonda Fərman Məlikov və Kunanbayev küçələrində, 8-ci mikrorayonda Azadlıq prospekti, S.S.Axundov və Naxçıvani küçələrində 15 binanın təbii qazla təmin olunmaması ilə bağlı məsələni də diqqətə çatdırıb. Deputat bildirib ki, sovetlər dövründə layihələşdirilən həmin binalarda təbii qaz təchizatı sistemi nəzərdə tutulmayıb. Ona görə də bu tip binalarda sakinlər yalnız elektrik enerjisindən istifadə edə bilirlər ki, bu da onlar üçün ciddi maliyyə yükü yaradır: "Əvvəlki illərdə də həmin binaların qazlaşdırılması haqqında hökumətə müraciətlər edilsə də bu problem həllini tapmayıb. Ölkəmizdə qazlaşdırmanın genişləndirilməsi məqsədilə büdcədən Dövlət Neft Şirkətinə 389 milyon manat vəsait ayrılıb. Yerli icra strukturlarının verdiyi məlumata əsasən bu məsələnin həlli məqsədilə müvafiq investisiya proqramında müəyyən vəsait nəzərdə tutulsa da, onun icrası hələ də təmin edilməyib. Mən dünən bu məsələni "Azəriqaz” İstehsalat Birliyinin rəhbəri hörmətli Ruslan Əliyevlə bir daha müzakirə etdim və bəlli oldu ki, nəzərdə tutulan vəsaitin ayrılacağı təqdirdə bu problemin həlli mümkündür. Ona görə həm ARDNŞ, həm də digər aidiyyatı qurumlardan məsələnin həllinə köməklik etmələrini xahiş edirəm”.
Azay Quliyevin çıxışında toxunduğu üçüncü məsələ iki ildən çox müddətdə 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, 1 A ünvanında yerləşən və 26 mindən artıq sakinə xidmət edən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin texniki səbəbdən dayandırması ilə bağlı olub. Deputat bildirib ki, bu səbəbdən xeyli sayda insan tibbi xidmətdən istifadə etmək üçün çox böyük çətinliklə 9-cu mikrorayona getmək məcburiyyətində qalır: "Müvafiq qurumlar sakinlərə dəfələrlə söz verib ki, tibbi müəssisələrin maddi texniki bazasının gücləndirməsi üçün ayrılan vəsaitdən poliklinikanın təmiri üçün də vəsait ayrılacaq və bu problem 2019-cu ilin sonuna kimi həllini tapacaq. Lakin təəssüf ki, məsələ indiyə kimi həll olunmamış qalır. Mən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin bərpa edilməsi ilə bağlı TƏBİB-ə bu ilin mart ayında rəsmi məktubla müraciət etmişəm. Ancaq hamımız yaxşı başa düşürük ki, yeni yaradılan TƏBİB hazırda koronavirus pandemiyası ilə bağlı aparılan mübarizədə ön cəbhədə yer alıb və çox yaxşı da fəaliyyət göstərir. TƏBİB-in kollektivinə və bütün tibbi heyətə koronavirusla mübarizədə göstərdikləri fədakarlığa görə təşəkkür edirəm”.