"Çalışacağıq, yeniyetmə və gənclərimiz üçün yüksək şərait yaradaq ki, bu idman növü daha da inkişaf etsin"
Azər Əliyev Ulu öndər Heydər Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı oğludur. Sputnik xəbər verir ki, o, uzun illər Londonda yaşayıb, Böyük Britaniyada təhsil alıb, magistr təhsilini də orada davam etdirib. Bununla yanaşı, Azər Əliyev pauerliftinq idman növü ilə məşğuldur. A.Əliyev yarışlarda Azərbaycan yığma komandasının tərkibində çıxış edir. 2011-ci ildə Çexiyanın paytaxtı Praqada pauerliftinq üzrə gənclər arasında keçirilən yarışda 100 kq çəki dərəcəsində yarışan Azər Əliyev, 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gələrək yüksək nəticə göstərib.
Latviyada keçirilən yarışda isə pauerliftinq üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində, ləvazimatsız 610 kq ağırlıq qaldıraraq, nəticəsini daha da yaxşılaşdırıb. 2014-cü ildə keçirilən Açıq Avrasiya Kuboku yarışında gümüş medal qazanıb, bununla yanaşı, bir çox beynəlxalq yarışların qalibidir.
2016-cı ildən Milli Olimpiya Komitəsinin 7-ci Baş Assambleyasında MOK-un üzvü seçilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti seçildikdən sonra müsahibələrindən birində Azər Əliyev deyib: "Çalışacağıq, yeniyetmə və gənclərimiz üçün yüksək şərait yaradaq ki, bu idman növü daha da inkişaf etsin". Qeyd edək ki, vətənpərvərliyi ilə seçilən Azər Əliyev gənclərin sağlam həyat tərzinin təbliğatçısı və peşəkar idmançı olmaqla yanaşı, həm də əməkdar idman ustası adına layiq görülüb.
sputnik.az