Azərbaycan rəssamlarının əsərləri Parisdə

Artıq bir ildir fəaliyyət göstərən "Mincə Sənət qalereyası” Azərbaycan mədəniyyətini ikinci dəfə Parisdə geniş incəsənət vurğunlarına təqdim edib.

Bu ilin oktyabr ayında "Art shopping, Carrousel du Louvre” qalereyasında Azərbaycanın məşhur xalçaçı-rəssamı Eldar Hacıyevin əsərləri nümayiş etdirilməsində yaxından iştirak edən qalereya Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini xaricdə təbliği istiqamətində missiyasını davam edir.

Sabahinfo.az xəbər verir ki, bu dəfə isə Parisdə ilk dəfə "Galerie Beauté Du Matin Calme” qalereyasında bir qrup azərbaycanlı rəssamın əsərlərindən ibarət "À la Caspienne!” adlı sərgi təşkil edilib.
"Sərginin mövzusu sərbəstdir, buna səbəb təxəyyülünün məhsulunu canlandıran rəssamları çərçivələrə salmağın yanlış olduğunu düşünməyimdir.

Yalnız təqdim edilən əsərlərin əsrarəngiz olduğunu, bəzilərinin isə bizi ömrümüzün ən qayğısız çağına – uşaqlığa aparacağını deyə bilərəm. Sərgidə sadəcə Azərbaycanda deyil, eləcə də İrlandiyada və Rusiyada yaşayan azərbaycanlı rəssamların işləri təqdim ediləcək.

Bizim əsas məqsədimiz Azərbaycan rəssamlarını dünyada tanıtmaqdır. Sərgilərin bu işin yekunudur, amma bu nəticə üçün müəyyən yol qət edilir. Sonda isə xarici ictimaiyyətin azərbaycanlı rəssamların və heykəltəraşların əsərlərinə necə valeh olduğunu gördükdə bu yolda atılan addımların boşa olmadığını anlayırsan. Qürur verici məqam isə sərgiyə gələn insanların gözlərindəki heyranlıqdır”, - deyə "Mincə Sənət” qalereyasının təsisçisiFidan Bədəlovabildirib.

Dekabr ayının 18-dən 21-nə qədər davam edən sərgidə Adil Əsədli, Nailə Əhmədova, Rəna Əmrahova, İlqar Əkbərov, Səidə Əkbərova, Kənan Əliyev, Fidan Alimova, Aidə Amirova, Eldar Babazadə, Nərminə Uluxanlı, Orxan Qarayev, Sayalı Məmmədova, Araz Abdullayev, Leyla Orucova, İnci Vəliyeva, Eldar Hacıyev, Rəşad Nuriyev, Araz Şahvələdov, Məhbubə Paşayeva ilə yanaşı İordaniyadan qonaq qismində rəssam Hazem Nemravi də öz əsərlərini nümayiş etdirəcək.