Özbəkistan konstitusiyasının qəbulunun 24 illiyi münasibəti ilə Bakıda rəsmi qəbul keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şirzod Feyziyev bildirib ki, konstitusiyanın qəbulu günü müstəqil demokratik dövlətin qurulmasında fundament rolunu oynayıb.
O bildirib ki, Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə əlaqədar bu ölkədə dekabrın 4-də prezident seçkiləri keçirilib, ölkənin baş naziri Şövket Mirziyeyev prezident seçilib: "15 milyon səs toplayan Şövket Mirziyeyevi seçicilərin 88,61 faizi dəstəkləyib. 5 nəfərdən ibarət Azərbaycandan olan seçki müşahidə missiyası də seçkiləri açıq və baş tutmuş hesab edib. Azərbaycan prezidenti Şövket Mirziyeyevi seçilməsi münasibəti ilə ilk təbrik edən prezidentlərdəndir. Əminəm ki, iki ölkə arasında əsl dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də ölkələrimizin maraqları çərçivəsində inkişaf edəcək".