Bəhruz Məmmədov seçiciləri ilə görüş keçirib

Milli Məclisin deputatı Bəhruz Məmmədov seçiciləri ilə görüş keçirib. Bu barədə SABAHİNFO.AZ-a məlumat verən B.Məmmədovun sözlərinə görə, görüşlər elan olunan qrafik üzrə, 3-4 iyun tarixlərində karantin tədbirlərinin şərtlərinə tam əməl etməklə, Biləsuvar rayonunun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, İsmətli, Ağayrı, Günəşli, Çaylı, Aranlı, Çinarlı kəndlərində, hər bir kənddə ayrıca olmaqla seçicilərin qəbulunu həyata keçirdik. Ümumilikdə 10 kənddən 254 vətəndaş qəbul edildi, hər kəs fərdi qaydada dinlənildi.
Onun sözlərinə görə, seçicilərin müraciətləri daha çox suvarma suyu, içməli su, kollektor-drenaj sistemi, örüş sahələri, yol, telefon xətti, elektrik və qaz infrastrukturu, məşğulluq məsələləri ilə bağlı olub, habelə şəxsi problemlərə dair məsələlər qaldırılıb: "Hər bir məsələyə həssas yanaşılır və qaldırılan problemlər yaxın zamanlarda təhlil edilib aidiyyatı strukturlar qarşısında qaldırılacaq".
Deputat sonda seçicilərinə səslənib: "Hörmətli seçicilər, digər kəndlər və rayon mərkəzində qəbul barədə yaxın iki gündə qrafik elan ediləcək. Bizə inam və ümidlə yanaşan hər bir seçicimizə, habelə karantin qaydalarının təmin edilməsində yüksək peşəkarlıq göstərən Biləsuvar polisinə ayrıca təşəkkür edirəm".