Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə sənəd barədə məlumat verib.
İkinci oxunuşa təqdim edilən layihədə göstərilib ki, bələdiyyə üzvü vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası qarşılığında mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməlidir.
Layihə ikinci oxunuşda əsas kimi səsə qoyularaq qəbul edilib.