"Azərbaycan Beynəlxalq Bankı" ASC işi ilə bağlı həbs edilmiş "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov azadlığa buraxılıb.
"Report"un əldə etdiyi məlumata görə, müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qəti imkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Xatırladaq ki, bu il may ayında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev, "City Developer" MMC-nin direktoru Ratmir Bəkirov, "İnter Glass" şirkətinin prezidenti Fariz Muradov və "General Construction" şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev,"Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti uzadılıb.