Birlik sədri: “Dünya bu inkişafın qarşısında başqa söz deyə bilməyəcək”

"Son illər dünya, Azərbaycan ictimaiyyəti hamısı bilir ki, Dağlıq Qarabağın qaytarılmaması üçün heç bir əsas yoxdur. Artıq həm ölkə, həm də dünya siyasəti onu göstərir ki, Dağlıq Qarabağ qeyri-şərtsiz Azərbaycana qaytarılmalıdır”. Sabahinfo.az xəbər verir ki, bunu SİA-ya Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov deyib.

Birlik sədrinin sözlərinə görə, bəzən dünyada (İranda, Türkiyədə baş verən hadisələr, eləcə də ABŞ-Rusiya münasibətləri və s.) gedən proseslər Dağlıq Qarabağın qaytarılmasına mane olur: "Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda səfərdə olarkən Azərbaycanın 7 rayonunu da daxil olmaqla Dağlıq Qarabağın qeyri-şərtsiz geri qaytarılması ilə bağlı dediyi fikirlər inandırıcıdır. Təbii ki, biz də inanırıq ki, yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində torpaqlarımız geri qaytarılacaq. Beləcə, biz doğma yurdlarımıza qayıdacayıq. S.Lavrov istəsə də, istəməsə də artıq Ermənistan ictimaiyyətinə o mesajı verməlidir. Çünki dünyada gedən proseslər göstərir ki, Azərbaycan elə bir iqtisadi inkişafa çatıb ki, artıq dünya bu inkişafın, ədalətin qarşısında başqa söz deyə bilməyəcək”.