Bu gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.
Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçiriləcək (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağır atletika, yunan-roma, sərbəst və qadın güləşi, uşu və zorxana).
Atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.
Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə, 1 milyarddan çox tamaşaçı izləyəcək.