"Qarabağ” oyun baxımından qrupda heç bir rəqibindən geri qalmır. Çünki onların öz dəst-xətti var, bunu istənilən komandaya qarşı nümayiş etdirir. "Fiorentina”ya 1:5 hesablı məğlubiyyətdən sonra belə oyuna gəlincə, fikrimcə, italiyanlarla uğursuz matça qırmızı vərəqə səbəb olmuşdu”. Bu fikirləri APA TV-nin "APAsport” layihəsinin qonağı, Azərbaycanın yığmasının sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Avropa Liqasında növbəti oyunlar baş tutub. III tur çərçivəsində keçirilən matçlarda Azərbaycan klublarından "Qarabağ” evdə PAOK-a (Yunanıstan) 2:0 hesabı ilə qalib gəldiyi halda, "Qəbələ” səfərdə "Sent-Etyen”ə (Fransa) 0:1 hesabı ilə uduzub.
Avrokubok təmsilçilərimizin qarşılaşmalarını və növbəti mərhələ şanslarını dəyərləndirən C. Sultanov söhbətə "Qarabağ”ın oyunu ilə başlayıb: "Komandamız PAOK-dan üstün futbol oynadı. Mənə elə gəlir ki, bütün klubları çox şişirdirik, amma öz klublarımıza qiymət vermirik. Problemimiz ölkə çempionatıdır. Qrupa düşdükdən sonra "Qarabağ”a öz potensialını göstərməyə imkan yaratmır. Nəticədə oyun praktikasının azlığı və rəqabət olmaması çətinliyə səbəb olur. Açığını deyirəm, mən "Sumqayıt” klubunda işləsəm də, "Qarabağ” gəzə-gəzə bizi 3:0 hesabı ilə məğlub etdi. Bu isə onlara xeyir deyil, ziyandır. Güclərini tam müəyyənləşdirə bilmirlər”.
Veteran futbolçunun sözlərinə görə, "Qarabağ” Yunanıstan təmsilçisini qısa ötürmələr, düzgün "açılmalar”, kompakt oyun sayəsində üstələyib: "Qarabağ”da səviyyəsi yüksək olan usta futbolçular da var. Reynaldo və Miçel oynamasa belə komandada meydana çıxan hər bir futbolçu oyun üslubuna uyğundur. Bu gün birini götür, yerinə digərini burax, eyni futbolu oynayırlar. 2:0 hesablı qələbə də göstərdi ki, onların yoxluğu bilinmədi”.
C. Sultanov zədəli olduğu üçün iynə ilə meydana çıxan Rəşad Sadıqovun qələbədəki payından da danışıb. O, həmçinin "Qarabağ”ın PAOK-la Yunanıstandakı cavab oyunundan gözlənitlərini də açıqlayıb: "Orda 1:0 hesabı ilə azarkeşlər "öndə” olacaqlar. Çünki fanatları çox çılğındırlar. Amma bütün meydandan kənarda olanlara fikir verməyib, diqqəti oyuna yönəltmək lazımdır. Növbəti mərhələyə çıxmaq şansımıza gəlincə, qrupda hər bir komanda bunu reallaşdıra bilər. Futbol səhvlər oyunudur. Kim bunu çox edəcəksə, o da uduzacaq. Fikrimcə, "Fiorentina”nı çıxmaq şərtilə, digər 3 komandanın hər biri, yəni "Qarabağ”, "Slovan” və ya PAOK ikinci yerə iddia edə bilər. Ağdam klubu futbolumuzda daha bir ilk yaza bilər. Niyə də olmasın? Hər şey meydanda görünəcək. Biz istəyərik, amma çox şey futbolçulardan asılıdır”.
"Qarabağ”dan fərqli, "Qəbələ”nin işləri heç də yaxşı getmir. Qrupda "qırmızı-qaralar”ın üçüncü oyununu necə şərh edən C. Sultanov məğlubiyyətin səbəblərindən danışıb: "Onlar Avropaya yaxın atletik futbol oynayırlar. Üslubları fərqlidir. "Sent-Etyen”lə matçı götürsək, Baqali Dabo ön xəttə yox idi. Məğlubiyyətdə bu da rol oynayır. Çünki onlarda əsas "vuran ayaq” Dabodur. Buraxdıqları qol isə standart vəziyyətdən oldu. Onu da Rikardinyo öz qapısına vurdu. Amma mənə elə gəlir ki, bütün çempionatı götürsək, "Qəbələ”yə standart vəziyyətdən qol vurmaq çox çətindir. Çünki hamısı hündürboy futbolçulardır və təkbətək mübarizələrdə güclüdürlər. Qaldı ki, hücum planında, bəli, burda bir az axsayırdı. Çünki hücumu qura bilmirdilər. Meydanda Teo Uiks mübarizə aparırdı ki, onun da təkbaşına mübarizəsi kifayət etmir”.
Sabiq futbolçunun sözlərinə görə, "Qəbələ”nin qrupdan çıxmaq şansı yoxdur: "Onların işləri çox da yüngül deyil, ağırdır. Mənə elə gəlir ki, mərhələ adlamaq şansları çox azdır, "sıfır”a bərabərdir. Çünki digər 3 rəqibin 5 xalı var və "ağır komandalar”dır. Amma "Qəbələ” məğlub olduğu 3 görüşün heç birində asanlıqla məğlub olmayıb. Sadəcə hansısa nüanslarda səhv buraxıb və qapıda qol görüb. Deyərdim ki, "Qəbələ” yaxşı iştirak edir. Amma qrupunda həm güclü, həm də köklü rəqiblər yer alıb”.
C. Sultanov vurğulayıb ki, bu gün Azərbaycan futbolu "Qarabağ” və "Qəbələ”nin hesabına inkişafdadır. Onun sözlərinə görə, yığmamızın irəli getməsində və Topaz Premyer Liqasında maraqlı oyunların olmasında bu klubların xüsusi rolu var.
O, klublarımızın turnir cədvəlində lider ola bilməməsindən də danışıb: "Məsələn, "Fiorentina” ölkə çempionatında "Yuventus”a qarşı oynayır, "Qarabağ” isə "Sumqayıt”a, AZAL-a. Rəqabət yoxdur. Bu məsələdə yalnız "Qəbələ” istisnadı. 2 komanda bir-biri ilə 2 dəfə oynasın, sonra tempi saxlaya bilmirlər. Çempionatda da çempionluq "Qarabağ” və "Qəbələ” arasında gedəcək. "İnter”ə tempi saxlaması çox çətin olacaq. Yaxud, "Qarabağ”la "Fiorentina”ya başqa prizmadan baxaq. Tam fərqli bir büdcə ilə futbol oynayırlar. Amma biz "Qarabağ”dan çox şey – qrupdan çıxmağını tələb edirik. Fikirləşmirik ki, bu komandanın büdcəsi bu gün, məsələn, 10 və ya 20 milyon olsun. Amma "Fiorentina”nın büdcəsinə baxın. Onlar İtaliya ortabab bir komandadır. Bu gün maliyyə olmalıdır, komandalar çoxalmalıdır və rəqabət yaranmalıdır”.
"Qarabağ”ın son qələbəsindən sonra Azərbaycan UEFA reytinqində bir pillə yüksələrək, 25-ci pilləyə qalxıb. C. Sultanov bildirib ki, ölkəmiz bir qədər də irəli gedə biləcək.
Topaz Premyer Liqasından da danışan qonağımız baş meneceri olduğu "Sumqayıt” klubunun da arxada qalan oyunlarından söz açıb. O deyib ki, komandada eniş var, ancaq istənilən vaxt sürpriz etmək gücündədirlər.
C. Sultanov sonda bir vaxtlar şərəfini qoruduğu Azərbaycan millisinin uğuruna da toxunub. O bildirib ki, noyabrın 11-də Şimali İrlandiya ilə qarşılaşacaq komandamız Çexiyaya ilə matçdakı kimi mübarizə apararsa, vətənə xalla dönəcək: "Amma bir şərtim var. Orada "standart”lara imkan verməsinlər. Rəqib cərimə zərbələrində çox güclüdür. Qrup ikincisi olmaq istəyirik. Amma rəqiblərimizdən Çexiyanı, Norveçi də unutmayaq. Biz bu gün 3 oyundan 7 xal toplamışıq. Düzdür, bütün Avropa ölkələri bizdən danışır. Hamı bunu istəyir. O biriləri yaddan çıxarmamalıyıq. Necə oynayırdıqsa, elə də davam etməliyik. Açıq futbol oynasaq, çox çətin olar. Çünki biz bunu oynaya bilmərik. Bunun üçün sürət, keyfiyyət vacibdir. Qapanıb, əks-hücumda, necə ki, 7 xalı qazanmışıq, elə də mübarizə aparmaq lazımdır”.