Cinsini dəyişmiş Hətəmpaşa cinayətinin şok təfərrüatı - Polis məhkəmə qarşısında

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zamir Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sabahinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə Zamir Hüseynovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, bəraət hökmünün çıxarılması barədə şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamir Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilib.

Zamir Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

O, Cəbrayıl rayonunda anadan olub və ali təhsillidir. Həbs olunana kimi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. Həmin vəzifədə işləyən zaman Dəmirova Ayla Altay qızının (Onun əvvəlki adı Hətəmpaşa olub, sonradan adını və cinsini dəyişib) qəsdən öldürülməsi faktı üzrə Səbail rayon prokurorluğunda Şahlar Əliyev haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) və sair maddələri 150026054 nömrəli cinayət işi üzrə araşdırma aparıb.

O, 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat tədbirlərini həyata keçirib. Qətlə yetirilən Ayla Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşındakı nömrələrə baxış keçirib.

Zamir Hüseynov Ayla Dəmirova ilə telefonda danışan və onunla görüşən kişiləri polis bölməsinə çağırıb, xidməti otağında onlara hədə-qorxu gələrək külli miqdarda pul alıb.

Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş olub.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Ayla Altay qızı Dəmirova Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. 

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlarla Aylanın sevgili oluduğu məlum olub.

Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Ayla Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunan Şahlar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman cinayətin təfərrüatını belə açıqlayıb: "Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim. Görüş zamanı mənə dedi ki, qadın yox, kişidir. Mən onunla razılaşmadım və evdən çıxmaq istədim. Ayla mənə "vaxtımı aparmısan, pulumu ver" dedi. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də cinayət törətdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şahlar Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.