Xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Natiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
sabahinfo.az xəbər verir ki, Natiq Bayramov 2013-cü ilin noyabr-dekabr aylarından başlayaraq həyat yoldaşı Gülnarə Bayramovanın ona xəyanət etməsindən şübhələnib.
Qisas
Natiq Bayramov Gülnarənin Bakı şəhərində yaşayan tanışları Ələddin Məmmədov ilə görüşüb və intim münasibətdə olaraq ona xəyanət etməsindən şübhələnib. Bu hərəkətinə görə Natiq Bayramov Gülnarədən intiqam almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.
O, 30 mart 2014-cü ildə, saat 19 radələrində sərxoş vəziyyətdə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında yerləşən fərdi yaşayış evinə gəlib.
Uşaqları eşidə-eşidə...
Bu zaman Natiq Bayramov həyat yoldaşı ilə mübahisə edib. O, 2 azyaşlı uşaqları ilə birlikdə olan Gülnarə Bayramovaya uşaqları eşidə-eşidə ona xəyanət etdiyi üçün öldürəcəyini deyib.
Natiq Bayramov Gülnarəni iki azyaşlı oğulları - 2001-ci ildə anadan olan Orxan və 2007-ci ildə anadan olan Ayxanın gözləri qarşısında qorxunc niyyətini həyata keçirib.
Qətl
Bu hərəkətləri ilə Natiq Bayramov azyaşlı uşaqlarına xüsusi əzab və işgəncə verdiyini dərk edib. Amma cinayəti törətmək niyyətini uşaqlarının gözləri qarşısında həyata keçirib.
Natiq Bayramov mətbəxdən götürdüyü bıçaqla Gülnarə Bayramovaya çoxsaylı zərbələr vurub. O, ümumilikdə həyat yoldaşına 15 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
13 il cəza
Natiq Bayramov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Natiq Bayramov apelyasiya şikayəti verib.
Natiq Bayramovun apelyasiya şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Yaxşı eləmişəm, kişisən vur öldür”
Natiq Bayramov bildirib ki, onlar həmin gün evə gəldikdən sonra uşaqlar həyətdə qalıb: "Gülnarəni yataq otağına apararaq, nəyə görə mənə xəyanət etməsi barədə ondan sorğu-sual etdim. Gülnarə faktlar qarşısında ifşa olunduqdan sonra mənə "yaxşı eləmişəm, kişisən vur öldür”, deyə bildirdi. Onun bu sözlərindən özümü itirdim. Əvvəldən götürdüyüm bıçaqla Gülarəyə zərbələr vurdum. Cinayəti törədəndən sonra dərhal evdən çıxaraq polisə getdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə anında uşaqlar evdə olmayıblar: "Uşaqların gözü qarşısında Gülnarəni öldürməmişəm”.
Natiq Bayramovun vəkili Yolçu Abbasov bildirib ki, müdafiə etdiyi şəxsə birinci məhkəmə instansiyasının hökmü ilə təyin edilən cəza ilə razı deyil: "Hesab edirəm ki, Natiq Bayramova təyin edilən cəza dəyişdirilərək, yüngülləşdirilməlidir. İstintaq və məhkəmə orqanının Natiq Bayramovun əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsüf etməsi düzgün deyil”.
Vəkilin sözlərinə görə, istintaq və məhkəmə orqanı hadisənin uşaqların gözü qarşısında olmasını dindirilmiş azyaşlılar Orxan və Ayxanın ifadələrinə əsasən müəyyən edib: "Məhkəmə nəzərə almayıb ki, hadisədən dərhal sonra hər iki uşaq ana nənələri, hazırkı iş üzrə zərərçəkmişin hüquqi varisi olan Lətifə Köçərəliyevanın himayəsində qalıblar və hazırda da ana qohumlarının yanında olmaqla, onların təsiri altındadırlar. Hesab edirəm ki, bütün hallarda Natiqlə Gülnarə yataq otağında mübahisə edib, sonra hadisə baş verərkən uşaqlar həyətdə olublar”.
Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsüf olunmasını xahiş edib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Natiq Bayramovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.