Deputat seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunun Orta Ləki və Mürsəl kəndlərində sakinlərlə görüşüb.
Görüşdə Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd edib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd edən Milli Məclisin deputatı, eyni zamanda, Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan C.Osmanov bildirib ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirən Milli Məclisin deputatı dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın hərtərəfli dinamik inkişafının təmin olunduğunu da vurğulayıb.

C.Osmanov, həmçinin Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin olduğunu və həmin dairələrin radikal və antimilli mövqe tutmuş şəxsləri ölkədə sabitliyi pozmağa yönəltdiklərini bildirərək bu gün özünü müxalifət adlandıran şəxslərin çirkin niyyətlərinin olmasının cəmiyyətdə hər kəsə bəlli olduğundan da söz açıb.

Görüşdə sakinlərdən İlham Rəsulov, Məhəmməd Calalzadə, Ələm Abdullayev, Valıdə Hacıyeva, Qulu Nəbiyev, Sədaqət Kərimova, Mübariz Əhmədzadə, Ağabala İbrahimov, Natiq Hacıyev və Mübariz Kərimov çıxış edərək bildiriblər ki, Aşağı Nemətabad kəndinə təbii qazın verilməsi onları xüsusilə sevindirib. Qeyd olunub ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına, ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz uğurla həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Kənd sakinləri cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və bundan sonra da hər zaman bu siyasətə dəstək olacaqlarını bəyan ediblər.

Cavid Osmanov Orta Ləki Yaradıcılıq Evi və Orta Ləki Kitabxanasına gələrək burada çalışan işçilərlə də görüşüb.