Bir neçə gün öncə "Azərbaycan alimləri diasporu” informasiya sistemi –www.elmidiaspora.azsaytı istifadəyə verilib.
"Saytın yaradılmasının bizə nə verəcəyini soruşursuz. Əvvəla, bütün dünyaya Azərbaycan xalqının çox layiqli, elmə töhfə verən alimləri haqqında məlumat alacağıq. Bu zaman dünya xalqları da biləcək ki, Azərbaycanın belə dəyərli insanları var. Süni intellektin atalarından sayılan Lütfi Zadə azərbaycanlıdır. Lazer texnologiyasını ilk yaradan Əli Cavan azərbaycanlıdır. Bütün dünyaya bəyan edirik ki, yüksək intellektuala töhfə verən dühalar, zəkalar Azərbaycanda yetişib. Bu, birinci mesajdır.
İkinci mesaj həmin alimlərin, dünyanın müxtəlif ölkələrində yaşayan insanların bir-biri ilə tanış olması üçün ümumi bir mühitdir. Bunu yaradırıq ki, Yaponiyada yaşayan alim Türkiyədə yaşayan alimi tanıyıb ondan hər hansı məlumat alsın və sairə. Bu, internet mühitidir, hamı üçün əlçatandır. Bütün dünya azərbaycanlıları, xüsusən də alimləri bir-birini tanısın.
Üçüncü məsələ, Azərbaycanda böyüyüb boya- başa çatan, ali məktəbi bitirən, akademiyada hansısa doktorantura təhsili alan insan da sabah həmin alimlərlə təmas qurub, onlarla birgə layihə həyata keçirmək, müxtəlif konfranslara dəvət etmək, öz elmi məktəblərinə yaxınlaşdırmaq kimi imkanlar əldə edəcək.
Dördüncü məsələ odur ki, bütün Azərbaycan gəncləri qürur hissi ilə deyəcək ki, bu mənim həmyerlimdir, millətimin nümayəndəsidir. Düşünürəm ki, bütün bu məqsədlər qarşımıza qoyulub. Bu məsələlərdə Azərbaycan elmini inkişaf etdirməli, dünyaya inteqrasiya olunmalıyıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbyacanlı alimlərin diqqətini bugünkü Azərbaycana cəlb etməliyik. Bu zaman təbii ki, onlar Azərbaycanın hər hansı probleminə biganə qalmayacaq”
Bu sayt "Ana səhifə”, "Sistem haqqında”, "Rəsmi sənədlər”, "Statistik göstəricilər”, "Faydalı linklər” və "Əlaqə” bölmələrindən ibarətdir. Saytın "Statistik göstəricilər” bölməsində xaricdə yaşayan alimlərin ölkələr və elm sahələri üzrə paylanması, eləcə də demoqrafik göstəricilərinə dair statistik rəqəmlər təqdim olunub. Statistik məlumatlara görə, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılıb.
Bu sahənin mütəxəssisləri isə hesab edirlər ki, bu kimi işlər dünya çapında azərbaycanlıların intellektual, elmli olduqlarını bir daha ortaya qoyacaq.
Xüsusilə MDB məkanında haqqımızda yaradılmış "Bazar adamı” fikri bu kimi addımlarla əriyəcək.
Bir az da konkretləşdirsək, diasporla bağlı dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyəti xaricdəki soydaşlarımızı bütün istiqamətlərdə bir çətir altında birləşdirir. Bu mənada dünyadakı azərbaycanlı alimlərin virtual evinin yaradılmasını bütövlükdə xalqımız üçün böyük töfvə hesab etmək olar”.