Bu gün Yeni Azərbaycan Pariyasında (YAP) partiya üzvü olan deputatlarla görüş keçirilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov bildirib ki, görüşün məqsədi YAP-ın gələcək fəaliyyətində hansı addımların atılacağı və digər məsələlər barəsində müzakirə aparmaqdan ibarətdir.
Baş nazirin müavini qeyd edib ki, 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında və Regionların sosial-iqtisadi inkişafına həsr edilmiş toplantıda verdiyi dəyərləndirmələr bütövlükdə ilin yekununa verilən ən əhatəli və düzgün qiymətdir:
"Prezidentin bu toplantılarda səsləndirdiyi əsas ideyalar, fikirlər ondan ibarətdir ki, 2018-ci il kifayət qədər uğurlu il kimi tariximizə daxil olub, qarşıya qoyulan vəzifələr lazımi səviyyədə yerinə yetirilib, götürülən öhdəliklər artıqlaması ilə icra olunub. 2018-ci ildə Azərbaycanın davamlı və dinamik inkişafı davam edib, Azərbaycanda bir neçə il öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan islahatlar öz bəhrəsini artıq verməkdədir, nəticələri görünür və bundan sonra yəqin ki, daha artıq rəqəmlərlə ifadə olunan formada özünü göstərəcək”.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir: "Bu istiqamətdə atılan addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin edib və bundan sonra da qeyri-neft sektorunun daha yüksək inkişafı üçün zəmin mövcuddur. Eyni zamanda qarşımızda Azərbaycan Prezidentinin gələcək dövrlə bağlı müəyyənləşdirdiyi proqramlar var və bu proqramların həyata keçirilməsi ilə əlaqədar resurslar səfərbər edilir. Bundan əvvəlki illərdəki proqramlar həyata keçirildiyi kimi, qarşıda duran proqramların da yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur”.