Ceyhun OSMANLI,
İqtisadiyyat üzrə fəlsəfə doktoru
15 OKTYABR 2019, GÜNORTA SAATLARI
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilir. Müşavirənin keçirildiyi məkandan tutmuş qarşıda qoyulan məsələlərə qədər hər bir detaldayeni idarəetmənin ön planda olduğu sezilir. Gündəmin mövzusu islahatlardır. Müşavirədə iqtisadi islahatlarda sıçrayışla bağlı bu günkü günün təhlili və gələcək strategiyanın müəyyənləşməsi baxımından ciddi fikir mübadilələrinə yer verilir.
Güman olunur ki, iclas saatlarla davam edib.
Minimum pensiyanın 300 manata qaldırılmasından, müasir gənc kadrların önə çəkilməsinə
qədər iddialı mövzular müzakirə edilir.
Lakin gündəmə bomba kimi düşən daha önəmli məqamlar
var. Prezident iqtidar içindəki bəzi məmurları ifşa edir.
Tənqid siyahısına həm keçmiş, həm də indiki
komandaya aid nüfuzlu şəxslər daxil edilir. İqtidar içindəki bəzi şəxslərin məkrli
məqsədlərinə nail olmaq üçün istifadə etdikləri müxtəlif üsullar, xüsusən də
reket jurnalistikadan qarşılıqlı istifadə 1-ci şəxs tərəfindən qəzəblə ifşa
edilir.
Prezident son xəbərdarlığını edir!
Bu informasiya öncə kluarlarda, daha sonra rəsmi
dairələrdə sürətlə yayılır.
Məmurlar həyəcan içindədir.
Çünki hər kəs, xüsusilə də hakim komanda üzvləri
İlham Əliyevin prinsipial lider olduğunu yaxşı bilir. Demək ki, ölkədə
islahatlara əngəl olanların cəzalanacağı anlaşılmışdır!
16 OKTYABR 2019, GÜNORTA SAATLARI
(Müşavirədən 1 sutka sonra)
Azərbaycan müxalifətinin romantik lideri Əli Kərimli
tələm-tələsik facebook statusu yazaraq Azərbaycan xalqını 19 Oktyabrda qanunsuz
mitinqə dəvət edir.
Əli Kərimliyə sifarişin gəldiyi gün kimi aydındır.
Azərbaycandakı islahatlarla barışmayaraq Qənimət
Zahidin "Azərbaycan saatı” proqramı üçün qalaq-qalaq "material” göndərən məmurlar
dəstəsi indi son ümidləri olan Əli Kərimlini oyuna daxil etdi.
Nə də olsa "təcrübə” öz sözünü deyir.
Öncədən hər şey proqnozlaşdırılmışdı…
VƏTƏNDAŞI QƏTLƏ YETİRƏ BİLƏRDİLƏR
Polisin qanunun aliliyini əldə rəhbər tutaraq addım
atacağını bilirdilər. Polis öz mandatına uyğun olaraq qanunsuz mitinqin
qarşısını aldı. Bir çox provokasiyalara baxmayaraq polis bacardığı qədər işinin
öhdəsindən səliqə ilə gəlməyə çalışdı. Şəxsən mənim Avropada qanunsuz
aksiyalarla mübarizə zamanı çox rast gəldiyim itlərlə, atlarla, su şırnaqları
ilə, rezin güllələrlə tədbir görülməsinə rast gəlmədim.
Çünki yeni Daxili İşlər Naziri təyin edilən
General-polkovnik Eyvazov da yaxşı bilir ki, onun polisdə apardığı son kadr
islahatları, rüşvətlə mübarizə, DYP sisteminin ASAN-laşdırılması bəzilərinin ürəyincə
deyil. Bunun fərqində olan polis bacardığı qədər öz adını qorumağa çalışdı.
Təbii ki, həm vətəndaşlar, həm də polislər arasında
səbrsizlik edənlər oldu. Lakin aldığım məlumatlara görə polisdə bununla bağlı
lazımi araşdırmalar gedir. Həm də mitinq iştirakçıları unutmamalıdır ki, mitinq
vaxtı polis həm də onları həyati təhlükədən qoruyur.
Məsələn, kütləni aqqressivləşdirmək üçün hansısa
provakatorun mitinq iştirakçılarından birini və ya bir neçəsini Ukrayna hadisələrində
olduğu kimi qətlə yetirməməsi üçün polis və təhlükəsizlik strukturları öz işini
peşəkarcasına gördü.
Çünki vətəndaşı ilk növbədə həyati təhlükədən uzaq
tutmaq lazımdır.
ƏLİ KƏRİMLİ, ƏLİ İNSANOV...
VƏ ONLARA PAS VERƏN MƏMURLAR
Mitinqdən bir neçə gün sonra Bakıda dünyanın
onlarla nəhəng ölkələrinin liderlərinin qatılacağı Qoşulmama Hərəkatının
sammiti keçirildiyi faktı öncədən hesablanmışdı. Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının həm təşəbbüskarı, həm də liderlərindəndir.
Xüsusilə son illərdə Azərbaycan Prezidentinin
islahatçı kabinetinin dünyada təqdir edildiyi bir vaxtda Əli Kərimlinin, Əli
İnsanovun və onlara pas verən məmurların aşkar və gizli ürək bulandırma cəhdləri
gözlənilən idi.
Bunlar bu uğursuz tragikomediyalardan Eurovision,
Avropa Oyunları, Formula 1, önəmli neft kontraktları, sammitlər, Prezident,
Parlament, Bələdiyyə seçkiləri öncəsində artıq istifadə ediblər.
Məqsəd hər zaman eyni olub. Azərbaycanı dünya ölkələri
arasında cılız vəziyyətə salmaq. Sanki bununla qisas aldıqlarını düşünürlər...
Bunun vətənə xəyanətdən başqa adı varmı?
Lakin hər dəfə də Azərbaycana gələn qonaqlar ən son
Türkiyəli jurnalist Ahmet Hakanın da ifadə etdiyi kimi gəlmədən öncəki yanlış təəssüratlarına
görə Azərbaycandakı harmonik inkişafı gördükdən sonra utandıqlarını qeyd edirlər.
O "ƏJDAHA”DAN NİYƏ AXCP-DƏ YOXDUR?
EMİN MİLLİ, QUBAD İBADOĞLU...
Əli Kərimli isə son dövrlərdə siyasi bir layihə
olaraq süqut etmək üzrədir. Fuad Qəhrəmanlı ilə öz qızı arasında olan polemika
onu sübut etdi ki, Azərbaycan müxalifətində ciddi atalar və övladlar problemi
var. Yəni nəinki müxalif düşərgənin gəncləri, hətta övladları da liderlərinin
fikri ilə razı deyil. Həm də uzun zaman idi ki, Əli Kərimlinin cəbhədaşları onu
şəhərin mərkəzində aksiya edə bilmədiyinə görə qorxaqlıqda ittiham edirdilər.
Son dövrlərdə bu fikrin daşıyıcılarının sayı çoxalmaqda davam edir.
Digər tərəfdən də müxalif cərgədə təmsil olunanlar
arasında heç bir partiya sədri olmayan Emin Millinin Avropada, yenə heç bir
partiya sədri olmayan Qubad İbadoğlunun ABŞ-da görüşləri müxalif gənclər
arasında müzakirə olunurdu və sual yaranırdı ki, bəs niyə o "əjdaha”dan AXCP-də
yoxdur.
Əli Kərimli də gettikcə müxalif cəbhədə AXCP-yə
olan tələbatın azaldığının fərqində olmamış deyil. Belə olan halda Əli Kərimli
özü üçün xeyirli, sadə xalq və dövlətçilik üçün zərərli yolu seçərək qanunsuz
mitinqə gedib özünü qanunsuz mitinqin təşkilatçısı kimi həbs etdirərək beynəlxalq
ictimaiyyət arasında çaşqınlıq yaratmaq planını işə saldı...
Lakin Azərbaycan Prezidenti bunun da fərqində idi.
SSENARİSTLƏR
Əli Kərimli Azərbaycan üçün ziyanlı yolu seçsə də,
İlham Əliyev Azərbaycan üçün xeyirli yolu seçdi və Əli Kərimlinin həbs
ssenarisi baş tutmadı.
Bununla həm də İlham Əliyev iqtidar içindəki Əli Kərimlinin
ssenaristlərinə başa saldı ki, baş verənlərin tam olaraq fərqindədir və islahat
yolundan geri dönüş olmayacaq.
XALQI NARAZI SALAN MƏMURLAR
Bütün bunlarla yanaşı 19 Oktyabr mitinqi bəzi gerçəkləri
də ortaya qoydu. Belə ki, heç bir partiya üzvü olmayan və ya Milli Şuraya
aidiyyatı olmayan partiya üzvü insanlardan mitinqə qatılanlar var idi. Bu
insanlar mitinqə qatılma səbəbi olaraq ayrı-ayrı şikayətlərinin hansısa məmurlar
səviyyəsində dinlənilməməsini göstərirdi.
Sual yaranır ki, "lazım olsa dövlətim yolunda
canımdan keçərəm” deyən o məmurlar niyə xalqı dövlətdən narazı salır?
Demək ki, şikayətlərin daha effektiv baxılması yöntəmlərinə
ehtiyac var. Bir çox mitinqə qatılmayan və dövlətə loyal münasibəti olan bitərəf
insanlar isə sosial şəbəkələrdə sual edirdi ki, 300-500 nəfər mitinq
iştirakçısına görə interneti total məhdudlaşdırmağa nə ehtiyac var. Axı
internet çalışmayanda mağazalardan, xəstəxanalara, ödəmə aparatlarından mobil
telefonlara qədər bir çox həyati zəruri sahələr iflic olur və iş adamlarına
milyonarla zərər dəyir və beləliklə bitərəf kütlə arasından narazılar yaranır.
5 MİLYONLUQ ELEKTORATLA KİM İŞLƏYİR?
Daha bir ortaya çıxan gerçəklik isə odur ki, Azərbaycanda
neytral elektoratla işləyən effektiv təşkilatlar yox deyəcək qədər azdır.
Çünki hakimiyyətin əsas müdafiəçisi olan Yeni Azərbaycan
Partiyasının 700 min üzvü var, elektoratın sayı isə bundan 8 dəfə daha çoxdur.
Reallıq bundan ibarətdir ki, 5 milyon nəfərə yaxın neytral
seçicinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləsə də, bu seçicilər ilə
birbaşa işləyən partiyalar, hərəkatlar o qədər az və qeyri-effektivdir ki, fəaliyyətlərini
hiss etdirə bilmirlər.
Odur ki, yeni partiyaların və hərəkatların
yaranmasına, o cümlədən sosial mediada maraq dairələrinə uyğun yönəlmiş
qrupların fəaliyyətinə ehtiyac vardır.
GƏNCLƏR SİYASƏTİNİN VETERANLARI HARADADIR?
Nəzərə çarpan problemlərdən biri də Heydər Əliyev gənclər
siyasəti məktəbi keçmiş, cəmiyyət və dövlət həyatında fəal iştirak etmiş gənclər
hərəkatı veteranlarının dövlət həyatından kənarda qalmasıdır. Cəmiyyətin içində
formalaşmış və insanlarla iş və ünsiyyət baxımından səriştəli insanların təcrübəsindən
icra hakimiyyətləri və aidiyyatı başqa strukturlarda istifadə edilə bilərdi.
Lakin əfsuslar olsun ki, bu gün elə məmurlara
rast gəlinir ki, sırf sadə vətəndaşlarla düzgün kommunikasiya qura bilmədikləri
üçün sonradan böyük fəsadlara səbəb olacaq narazılıqların əsasını qoyurlar.
Sadalanan problemlərin hər birinin qısa müddətdə aradan
qaldırılacağı heç kimdə şübhə doğurmur.
HƏR KƏSƏ BƏRABƏR OYUN QAYDALARI
Dövlətçilik ənənələrini Ulu Öndər Heydər Əliyevin yaratdığı,
müasir inkişafına isə Prezident İlham Əliyevin nail olduğu Azərbaycan
Respublikasında 2017-ci ilin fevralında daha bir irəliyə yönəlmiş addım atıldı.
Adı Azərbaycanda peşəkarlıq, xeyirxahlıq, sosial səfərbərlik,
tərəqqipərvərlik və islahat rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva Azərbaycan
Respublikasının 1-ci vitse Prezidenti təyin edildi...
Xalq arasında dürüstlüyün simvolu olan Mehriban xanımın dövlətin
2-ci ən önəmli postuna gəlməsi və Cənab Prezidentlə çiyin-çiyinə Azərbaycanın
sürətli inkişafına təkan verməsi bütün dünyada dostları sevindirdiyi kimi, düşmənləri
də sevindirməyə bilməzdi. Bu gün inkişaf etmiş, bütöv Azərbaycan naminə
formalaşmış bu sinerjini dünyanın bir çox tanınmış liderləri qeyd edir.
Artıq davamlı islahatlar Azərbaycanın geriyə dönüşü
olmayan həqiqətinə çevrilmişdir. Əvvəllər tabu hesab edilən bəzi sahələr şəffaflaşmış
hər kəs üçün bərabər oyun qaydaları müəyyənləşmişdir.
21 OKTYABR 2019, AXŞAM SAATLARI
(Müşavirədən 1 həftə sonra)
Bu məqaləni
tamamlayarkən İctimai Televiziyanı izləyirəm. Baş nazirin 2 müavininin 1 həftə
öncə olan Müşavirədəki çağırışa qoşularaq Prezidentə təqaüdə çıxmaları haqqında
müraciətlərini eşidirik. Bu isə yeni dövr kadr islahatlarının
başlanğıcıdır və şübhəsiz davamı olacaqdır.
Cənab Prezident bir daha nümayiş etdirdi ki, onun
diqqətini islahatlardan süni mitinq və s. kimi maneələrlə yayındırmaq mümkün
deyil!
Tv-dən söz düşmüşkən, kimsə mənə 1 il öncə desəydi
ki, Azərbaycanda qısa müddətdə Türkiyənin NTV-sindən geridə qalmayacaq
televiziya kanalı qurula bilər mən buna inanmazdım.
Lakin İctimai TV bunu bacardı.
Nəticədə strateji məhsul sayıla biləcək Azərbaycan
izləyicisi indi maraqlı xəbər üçün sosial şəbəkələrlə yanaşı, həm də özümüzün
milli televiziyamıza üz tutub.
Uğurumuzla, kədərimizlə bu vətən bizimdir.
Biz özümüzün özünə olan tənqidinə xarici kanallarda
yox, öz kanallarımızda baxmalıyıq. Dəyərli ziyalılarımıza qara siyahılardan
çıxardıb efirə qaytarmalıyıq.
Milli barışa nail olmalıyıq.
Özümüz özümüzün həm dostu, həm tənqidçisi, həm də
xilaskarı olmalıyıq!
Çünki hədəfdə hər şeydən daha önəmli olan milli təhlükəsizliyimiz
var!
Qarabağın azadlığı var!
O Qarabağ ki, Azərbaycandır!