Əliabbas Salahzadədən növbəti görüş

Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən deputatlığa namizəd Əliabbas Qabil oğlu Salahzadənin YAP Sabunçu rayon təşkilatının qərargahında təbliğat kampaniyası çərçivəsində seçiciləri ilə görüşü keçirildi.

Keçirilən görüşdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov çıxış edərək bildirdi ki, YAP seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə gedir: "Hər dəfə keçirilən seçkilərə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".

Bəxtiyar Qasımov həmçinin son illər həyata keçirilən iqtisadi inqilabi islahatlardan danışaraq, Azərbaycanın uğurlu və inkişaf etmiş dövlətlər sırasında olmasının fərəh doğuran nailiyyətlər olduğunu bildirdi və seçiciləri birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacaqlarınıı əminliklə vurğulayaraq namizəd Əliabbas Salahzadənin həyat və fəaliyyəti haqqında seçicilərə məlumat verdi və namizədin seçki platformasını təfərrüatı ilə şərh edərək, seçiciləri YAP-ın irəli sürdüyü namizədə səs verməyə çağırdı..

Görüşdə çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülmüş Əliabbas Qalib oğlu Salahzadəyə böyük ümid bəslədiklərini, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində onu dəstəkləyəcəklərini bildirdilər.

Görüşdə deputatlığa namizəd Əliabbas Salahzadə çıxış edən rayonun seçiciləri ilə görüşlərdən məmnun olduğunu bildirərək qeyd etdi ki, ölkənin hər bir sahəsində baş verən uğurlar Sabunçu rayonunda da öz təzahürlərini tapır. Namizəd, onu da vurğuladı ki, bütün seçkilərdə Sabunçu rayon ictimaiyyəti ölkədə həyata keçirilən mütərəqqi ideyalara hər zaman dəstək verib və bu seçkidə də bu fəallığı nümayiş etdirəcəklərinə əmin olduğunu söylədi.

Əliabbas Salahzadə YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən də ətraflı danışaraq, bildirdi ki, Yeni Azərbaycan Partiyası vəd vermir, real iş görür: "Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub. Bu baxımdan da, əgər millət vəkili seçilərəmsə, öz səlahiyyətim çərçivəsində qarşıya çıxan problemlərin həll olunmasına çalışacağam".

Sonda Əliabbas Salahzadə seçicilərini fevralın 9-da keçiriləcək seçkilərdə daha aktiv olmağa və ona səs verməyə çağırdı.