Əliyev-Paşinyan danışıqlarına etibar etməliyik - Rusiya

Ermənistan və Azərbaycan liderlərinin görüşünü alqışlayırıq və arzu edirik ki, bu görüşlər davam etsin.

Axar.azxəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin deyib.

"Bunun üzərində ATƏT-in Minsk Qrupunun həmsədrləri çalışırlar. Mən anladığım qədəri ilə həm liderlər, həm də XİN rəhbərləri səviyyəsində yeni görüşlər qarşıdadır. Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substantiv olsun, real nəticələr gətirsinlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bütün həmsədrlər Qarabağ konfliktinin həllində güc variantını rədd edirlər:

"Hər kəs inkişafın sürətli olmasını istəyir. Realist olmaq lazımdır. Sağlam məntiqə, Ermənistan-Azərbaycan rəhbərləri arasında beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqlara etibar etmək lazımdır”.

O, Rusiyanın Qarabağ məsələsində ABŞ və Fransa ilə ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əlaqələrə sahib olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan ictimaiyyətləri arasında qarşılıqlı etibarı yetişdirmək lazımdır.