Elşad Həsənov ATƏT PA-da çıxış edib

Milli Məclisin deputatı Elşad Həsənov ATƏT PA-nın yekun plenar iclasında çıxışında Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi məsələsinə bir daha toxunub.

AZƏRTAC xəbər verir ki, natiq həlli uzanan münaqişələrin region ölkələrinin davamlı inkişafı yolunda əsas maneə olduğunu vurğulayıb. O xatırladıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik yeddi rayondan öz silahlı qüvvələrini dərhal çıxarması barədə qətnamələrinə etinasızlıq göstərməkdə davam edir. Deputat münaqişənin hüquqi yolla həllinin həyata keçirilməsi üçün təsirli vasitələrin olmamasına görə təəssüfləndiyini bildirib və ATƏT iştirakçısı olan dövlətləri beynəlxalq hüquqla manipulyasiya etmək, onun əsas müddəalarını istədikləri şəkildə yozmaq kimi hərəkətlərdən çəkinməyə çağırıb.

Elşad Həsənov Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəklənməsinə görə ATƏT PA-ya təşəkkürünü bildirib.